
Büdcə az da olsa kiçilir
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir. Həmin göstəricilər 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən, müvafiq olaraq, 0.4 faiz və 0.7 faiz azdır.
2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat həddində nəzərdə tutulur.
Gəlirlərin 49.6 faizi və ya 16 milyard 756 milyon manatı neft sektorunun payına düşür.
Bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
Növbəti il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği artırılır. (6 milyard 421 milyon manat) Bu, 2023-cü ilin təsdiq olunmuş proqnoz ilə müqayisədə 6 faiz çoxdur.
Azərbaycan Dövlət Neft Fondundan (ADNF) transfertin məbləği isə 12 milyard 781 milyon manat nəzərdə tutulub. Bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.9 faiz çoxdur.
Maliyyə Nazirliyi qeyd edir ki, 2024-cü ildə ADNF-dən transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37.9 faizinə bərabərdir.
ABŞ dolları/manat (USD/AZN) rəsmi məzənnəsi gələn il də sabit (1.7 manat) qalmalıdır.
Neftin qiyməti isə 1 barelə görə 60 dollar həddində müəyyən edilib. Bu məbləğdə dəyişiklik yoxdur.



