
Bu arada erməni silahlı bölmələri Şuşanın Sarıbaba kəndini tərk edib
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin əsgərləri bir neçə gün əvvəl Şuşanın Sarıbaba kəndini tərk edib. Nəticədə kənd boşalıb.
Erməni KİV-lərinin yaydığı məlumatda o da bildirilir ki, bu haqda “kənd icmasının rəhbəri” Artak Akopyan danışıb:

“Kənd müdafiəsiz qalıb. Şaiyələrə əsasən əsgərlərimiz mövqelərindən ona görə çəkiliblər ki, azərbaycanlılar da 3 kilometr geri çəkilsin. Amma hələlik heç nə baş vermir”.
Akopyanın sözlərinə görə, müəyyən vaxt Rusiya sülhməramlıları kəndi müdafiə etmək üçün gəliblər, amma sonra onlar da gediblər və daha geri qayıtmayıblar.
Sarıbaba (ermənilər bu kəndi “Yextsaoğ” adlandırırlar) kəndi Laçın-Xankəndi yolunun, yaxud Laçın dəhlizinin şimalında yerləşir, ona ən yaxın yaşayış məntəqəsi Göytala kəndidir.



