
BMT məhkəməsində 'Ermənistan Azərbaycana qarşı'
Oktyabrın 12-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr başlanır.
Ermənistan sentyabrın 28-də Beynəlxalq Ədalət Məhkəməsində Qarabağdakı vəziyyətlə bağlı İrqi ayrıseçkilik haqqında Konvensiyaya əsasən Azərbaycana qarşı iddia qaldırıb.
Ermənistan istəyir ki, məhkəmə Azərbaycanın Qarabağda qalan etnik ermənilərin oradan deportasiyasına yönəlik istənilən birbaşa və dolayı hərəkətlərdən çəkinmək öhdəliyini təsdiqləsin.
Yerevan ümid edir ki, Bakı Qarabağın indiki və keçmiş siyasi təmsilçiləri, yaxud hərbçilərinə qarşı cəzalandırıcı tədbirlərdən çəkinəcək.
Rəsmi Bakı sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirləri” keçirdiyini bəyan edib, birgünlük əməliyyatlardan sonra silahlı dəstələrin tərksilahı üzrə razılıq əldə olunub. Bunun ardınca separatçı rejim özünü buraxdığını elan edib, ermənilərin Qarabağdan axını başlayıb. Ermənistan rəsmiləri bunu “etnik təmizləmə”, “deportasiya” adlandırsa da, Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onları evlərini tərk etməməyə çağırıb.
Artıq separatçı rejimin bir sıra keçmiş təmsilçiləri saxlanaraq Bakıya gətirilib. Onlar terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə və digər maddələr ilə ittiham olunur.
Saxlananların ittihamlara münasibəti bəlli deyil.



