
BMT Ermənistanı yezidi hüquq müdafiəçisinə qarşı təqibi dayandırmağa çağırıb.
“Ermənistan insan hüquqları müdafiəçisi, Yezidi İnsan Hüquqları Mərkəzinin təsisçisi, milli azlıqların hüquqlarını müdafiə etdiyinə görə cinayət təqibi ilə üzləşən Saşik Sultanyana qarşı hədə-qorxulara, son qoymalıdır”.
Bu barədə BMT İnsan Hüquqları Ali Komissarı Ofisinin saytında yerləşdirilən açıqlamada bildirilib. Vurğulanıb ki, Sultanyan, ötən il verdiyi müsahibəyə görə nifrət və zorakılığı qızışdırmaq maddəsilə ittihamlara tuş gəlib. O, Ermənistanda milli azlıqlar mövzusunu qabartdığı, o cümlədən ölkə ərazisində 19cu əsrin sonu – 20ci əsrin əvvəllərindən məskunlaşmış yezidi kürdlərin hüquqlarını müdafiə etdiyi üçün hədəfə götürülüb:
“Biz Ermənistanı, Sultanyanı və milli azlıqların hüquqları uğrunda çıxış edən digərlərini qorxutmaq üçün tərtib olunduğu güman edilən bu cinayət ittihamlarına xitam etməyə çağırırıq. Bunlar başqa hüquq müdafiəçilərinin, xüsusilə gənclərin, bu işdən əlini soyuda bilər”deyə açıqlamada qeyd olunub.

Diqqətə çatdırılıb ki, Sultanyan, fəaliyyətində, ifadə azadlığı kimi beynəlxalq hüquqi normaya söykənib. Xatırladaq ki, əvvəllər BMT İnsan Hüquqları Ali Komissarı Ofisi əməkdaşı, hazırda gənc fəal olan Sultanyan, yezidi əhalisinin problemlərinə dair yezidinews.am saytına verdiyi müsahibə ilə bağlı, ötən ilin noyabr ayında Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən barəsində istintaq başlanmış və bu il avqustun 4-də, məsələ məhkəməyə təqdim olunmuşdu. Hazırda BMT İnsan Hüquqları Ali Komissarı Ofisinin üç eksperti, bununla bağlı Ermənistan hökumətilə təmaslar yürüdür.



