Blinken Polşadan gecə qatarı ilə Ukraynaya gəlib

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken Kiyevə əvvəlcədən elan olunmamış səfər edib. Səfər zamanı o, Birləşmiş Ştatların Ukraynaya hərbi yardım göstərməsi məsələlərini müzakirə etmək niyyətindədir, – Dövlət Departamenti bildirib .

Blinkenin özü X sosial şəbəkəsində yazıb: “Mən bu gün (mayın 14-də) Kiyevə qayıtdım ki, Ukrayna Rusiya təcavüzünə qarşı öz azadlığını müdafiə edərkən onlara sarsılmaz dəstəyimizi nümayiş etdirək”.

Blinken Polşadan gecə qatarla gəlib və tezliklə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməlidir.

“İlk növbədə, bu səfər həm şərq cəbhəsindəki döyüşlər, həm də Rusiya qoşunlarının Xarkov vilayətində sərhədyanı hücumlarını genişləndirməsi səbəbindən açıq-aydın çox çətin vəziyyətdə olan ukraynalılara aydın mesaj vermək məqsədi daşıyır”, – ABŞ rəsmisi jurnalistlərə bildirib.

Bu, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Blinkenin Kiyevə dördüncü, Konqres aprelin sonunda Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədikdən sonra isə ilk səfəridir.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 8 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.

Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Müharibə nəticəsində bir neçə yüz min nəfərin həlak olduğu, milyonlarla dinc sakinin qaçqın düşdüyü bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button