BBC: COP29-un baş icraçı direktoru mədən yanacaqlarının təbliği ilə məşğuldur

COP29-un baş icraçı direktoru Elnur Soltanov mədən yanacaqları barədə mümkün müqavilələrin müzakirəsinə dair görüş təşkil edə bilərdi. AzadlıqRadiosu BBC-yə istinadla belə bir iddianın olduğunu bildirib.

Soltanov həmin təklifi videobağlantıda “Global Witness” təşkilatının özünü sərmayəçi kimi tanıdan əməkdaşına söyləyib.

“Mən sizin komandanızla onların [SOCAR] komandası arasında əlaqə yaratmaqdan məmnun olaram ki, onlarla müzakirələrə başlaya bilsinlər”, – Soltanov “sərmayəçi”yə belə deyib.

Soltanov COP29-un icraçı direktoru olmaqla yanaşı, SOCAR İdarə Heyətinin üzvü və Azərbaycan energetika nazirinin müavinidir.

2015-ci il Paris Sazişinin imzalanmasına nəzarət etmiş kosta-rikalı diplomat, BMT təmsilçisi Kristiana Fiqeres belə davranışı qəbuledilməz sayaraq bunu COP prosesinə “xəyanət” adlandırıb.

Artıq ikinci ildir ki, BBC COP-a ev sahiblik edən ölkənin pozuntusunu üzə çıxarır. Ötən il BBC-yə sızdırılan bilgilərə görə, BƏƏ neft və qaz sövdələşmələrini irəlilətmək üçün COP28-ə ev sahibliyindən sui-istifadə edib.

Hakimiyyətyönlü media yaxınlarda Azərbaycanın COP29-a sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğasının başladılacağını iddia edib. “Report”un bilgisinə görə, belə təbliğatın əsas iştirakçıları Azərbaycana qarşı “ifşaedici” nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı “Global Witness” və BBC-dir.

COP29 BMT İqlim Dəyişikliyi Konfransı noyabrın 11 dən 22-dək Bakıda keçiriləcək.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button