Bayraq meydanının yaxınlığındakı evləri sökürlər

Kompensasiyalar isə sakinləri razı salmır…

“Avroviziya-2012”təntənələrinə hazırlıqlar fonunda “Bayraq meydanı”nın yaxınlığında yaşayan paytaxt sakinlərinin evlərinin sökülməsi, mülkiyyət hüquqlarının pozulması paradoks yaradır. Bakı beynəlxalq musiqi yarışmasına yaxınlaşdıqca, mənzili əlindən alınan sakinlərin şikayətləri də çoxalır. Vətəndaşlar evlərinin tələm-tələsik, qarşılıqlı razılaşma olmadan sökülməsiylə, Bakı Şəhər İcra Hakimiyyətinin mənzilləri dəyər-dəyməzə almasıyla razılaşmırlar.

Bayıl qəsəbəsi, Aqil Quliyev 9, mənzil 29–un sahibi Esmira Nağıyeva alqı-satqı aparılmadan evinin damının, mənzilin eyvanının uçurulmasından, dövlət qurumlarının onun haqlı şikayətlərinə biganə yanaşmasından şikayətçidir.

Onun sözlərinə görə, qabaqca mənzilinin üstündəki otaqları dağıdıblar, evinin işıqlarını kəsiblər, qaz pilətəsini götürüblər, sonra da damı uçurub bilərəkdən qəzalı vəziyyət yaradıblar. Həyatı üçün təhlükə yarandığını görən Esmira Nağıyeva ailəsi ilə birgə elə həmin binada yaşayan xəstə anasının yanına köçməli olub. İndi bu mənzilə də növbə çatacağı günü həyəcanla gözləyir. Evinin əla təmirli olduğunu deyən Esmira xanım mənzilin hər kvadratmetrinə təklif olunan 1500 manatla razılaşmır, evinin bazar qiymətlərinə uyğun dəyərləndirilməsini tələb edir.

Esmira Nağıyeva vurğulayır ki, məsələ ilə bağlı müraciət etdiyi bütün qurumlar laqeyd yanaşıblar. “Heydər Əliyev Mehriban Əliyevaya, Prezident İlham Əliyevə məktub yazmışam. Dövlət Əmlak Komitəsinə, Maliyyə Nazirliyinə və digər qurumlara da müraciət etmişəm. Heç birinin nəticəsi olmayıb. Hamısı deyir bizdən asılı iş deyil. Bəs onda hara müraciət etməliyəm? Bir vətəndaş kimi mənim hansı hüququm olduğunu bilməliyəm, ya yox? Əgər hüququm yoxdursa, onda mən də bilim ki, heç bir hüququm yoxdur, prezident seçkilərinə də getməyim. Prezidenti mən seçməmişəm? Mən seçmişəm. Həmişə demişəm, gözəlliyin, inkişafın tərəfdarıyam. Amma bu, o demək deyil ki, bunlar məni əzərək atmalıdır” – deyə Esmira Nağıyeva vurğulayıb.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button