Bayramov ABŞ və Rusiya rəsmiləri ilə danışıb

Bu gün, sentyabrın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.

Məlumata görə, telefon danışığında iki ölkə arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.

XİN-in açıqlamasına görə, sentyabrın 7-də Ceyhun Bayramov həm də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi (Igor Khovaev) qəbul edib.

Məlumata görə, bu görüşdə də Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də regionda mövcud vəziyyət nəzərdən keçirilib.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadaya alındığını, aylardır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir.Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində bu ilin aprelində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, bunun 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın çatdırılması üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.Amma 2020-ci ildə iki aylıq İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button