Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən yayılan məlumatda deyilir:

“Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir”.

“Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilə istisna olunur” – Baş Prokurorluq

Baş Prokurorluqdan verilən məlumata görə, istintaqın hazırkı mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən, hər hansı digər səbəbdən  baş verməsi  ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də, məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button