
'Bank Standard'ın əmanətçiləri etirazlara davam edir
2016-cı ildə bağlanan “Bank Standard”ın bir qrup əmanətçiləri iyunun 6-da Mərkəzi Bankın qarşısında etiraz aksiyasını keçirib. Onlar öz əmanətlərinin qaytarılmasını tələb edirlər.
Aksiya iştirakçılarından biri deyib ki, bura gələnlərin hər birinin 30 min manatdan artıq bankda əmanəti var idi: “Bizə 2016-cı ildən deyirlər ki, sizi siyahıya almışıq, növbənizi gözləyin. Yeddi il keçib, növbəmiz çatmayıbsa, nə vaxt çatacaq? O vaxt məmurlara faizsiz kreditlər veriblər deyə, banklar batıb. Bəs bizim pulumuz necə olacaq? Öz əmanətini ala bilməyib ölənlər də var”.
Daha sonra aksiya iştirakçıları Mərkəzi Banka qəbula çağırılıb.
Hələlik, aksiyada səslənən fikirlərə Mərkəzi Bank və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
“Bank Standard”ın bir çox əmanətçiləri bundan əvvəl də dəfələrlə etiraz aksiyaları keçiriblər.
“Bank Standard” QSC-nin lisenziyası 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə ləğv edilib. (Artıq mövcud olmayan bu quruma həmin vaxt Mərkəzi Bankın bəzi səlahiyyətləri verilmişdi)
MBNP-dən onda bildirilmişdi ki, “Bank Standard”ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti var. Bundan 450 milyon manatı qorunan əmanətlərdir.
2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib. Azərbaycanda bu proses başlayandan indiyə kimi 20 civarında bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi.
Rəsmi açıqlamalara görə, qorunan əmanətlər böyük ölçüdə qaytarılıb. Amma bu, qorunmayan əmanətlərlə bağlı deyilmir.



