
Bakının bu ərazilərində 5 mərtəbədən hündür binalar tikilməyəcək
“Bakı şəhərinin baş planında paytaxtın mərkəzi rayonunun xüsusi mühafizə zonası dedikdə İçərişəhər nəzərdə tutulur”.
Dövlət Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib ki, yaxın ətrafda yerli və ölkə əhəmiyyətli abidələrin sıx məskunlaşdığı ərazini əhatə edir: “Məqsəd şəhərin tarixi-memarlıq siması mühafizə olunmalıdır. Həmin ərazidə yeni tikililərə icazə verilsə belə, müvafiq normalar qorunmalıdır. Yəni orada 5 mərtəbədən yüksək bina tikilməməlidir. Bütün bu tənzimlənmələrə ciddi nəzarət ediləcək”.
Aytac Əkbərli onu da deyib ki, “Bakı şəhərinin baş planı ilə bağlı layihə hazırda yekunlaşma mərhələsindədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir”.
Onun sözlərinə görə, paytaxtda yaşıllıq sahələrinin daha da artırılması nəzərdə tutulur: “Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alıb”.
A.Əkbərlinin açıqlamalarına görə, əhalinin artımı yaşıllıq zonalarının istasmar olunması ilə müəyyən problemlər yaradır: “Hazırda normala görə adambaşına düşən yaşıllıq 8 kvadmetr olmalıdır, lakin bunu görmürük. Yeni layihədə bu hədəfə nail olmaq planlaşdırılır. Hətta bu göstəricinin 10 %-ə çatdırılmasını düşünürük”.



