
Bakıda polislə qatil arasında atışma: ÖLƏN VAR – FİLM KİMİ OLAY
Bakının Lökbatan qəsəbəsində 26 yaşlı Osman Abdullayevin güllələnərək öldürülməsi cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. Əvvəllər adam öldürdüyünə görə 8 il 6 ay məhkumluq həyatı yaşayan Osman Abdullayev peşəkar güləşçi, idman ustalığına namizəd olub. 2008-ci ildə o, dostu Tural İbrahimovu öldürdüyünə görə həbsxanaya düşüb. Belə ki, həmin vaxt T.İbrahimov Osmanın boşanmış bacısı ilə münasibət qurmağa çalışıb. Buna görə, o vaxt 16 yaşı olan O.Abdullayev Turalı qətlə yetirib.
15 gün əvvəl isə Osmanın həbsxanadan çıxdığını öyrənən Turalın qohumları onunla görüşmək istəyib. Belə ki, T.İbrahimovun qohumu, 1991-ci il təvəllüdlü Emin Həmidov və 1984-cü ildə doğulmuş Həsən Məşədiyev Osmanı Lökbatanda kimsəsiz yerə aparıb və orada güllələyərək öldürüb. 26 yaşlı Osmanın meyiti gölməçədə aşkarlanıb.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Emin Həmidov yaxalanıb. Lakin o, cinayətdə istifadə olunan silahın yerini dəqiq deyə bilməyib. Məlum olub ki, qətldə iştirak edən Həsən Məşədiyev Osmanın qətlində istifadə olunan silahı götürərək qaçıb və Hökməlidə gizlənib. Əməliyyat tədbirləri zamanı o, polisə atəş açıb və əməliyyatçıların əks atəşi ilə zərərsizləşdirilib.
*****
11:57
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 34 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib. Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən H.Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə zərərsizləşdirilib.
Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



