
Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına başlanıb
Xural.com bizimyol.info-ya istinadən xəbər verir ki, Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib.
Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə baş tutub.
H.Hüseynova qadın və qızların səlahiyyətləndirilməsində, eləcə də həyatlarında müsbət dəyişikliklərin baş verməsində kampaniyanın vacib rolunu vurğulayıb: “Bu istiqamətdə müvafiq dövət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir. Burada məqsəd ictimaiyyətin diqqətini bir daha həmin problemə cəlb etmək və cəmiyyətdə mövcud yanaşmanı dəyişməkdir”.
Qulam İshaqzai deyib ki, gender əsaslı zorakılığın mənfi təsirini aradan qaldırmaq üçün dövlət qurumları və beynəlxalq inkişaf agentlikləri arasında əməkdaşlığın rolu vacibdir.
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gill bildirb ki, Azərbaycanda 2015-2016-ci illərdə 43 qadın məişət zorakılığı nəticəsində qətlə yetirilib: “Azərbaycanda 2015-2016-cı illərdə qadınlara qarşı zorakılıqla bağlı 1688 fakt qeydə alınıb ki, nəticədə 43 qadın qətlə yetirilib”.
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının sözlərinə görə, Azərbaycan qadınları fiziki zorakılıqdan çox psixoloji zorakılığa məruz qalırlar: “Onları işləməyə, istədiklərini etməyə qoymurlar və s. Rayonlarda daha çox qadınlarımıza psixoloji cəhətdən zorakılıq tətbiq olunur. Ona görə də rayonlarda sığınacaqların çoxalmasına üstünlük verilməsinə çalışırıq”.
Konfransda ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına da start verilib. “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr-10 dekabr tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır.
Qeyd edək ki, 25 noyabr-Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günüdür.





