Bakıda avtoritarlara “ərəb baharı” mesajı verildi

05.11.2012

Dunya Miyatoviç: «Internetdə tənqidin boğulmasına heç nə haqq qazandıra bilməz»

Kortni Radş:«Internetin məhdudlaşdırılması xalq etirazlarının qarşısının alınmasına zəmanət vermir»

“Insan hüquqları və Internet idarəçiliyi bir-biri ilə qırılmaz şəkildə əlaqəlidir”. Noyabrın 6-9-da Bakıda keçiriləcək Internet Idarəçiliyi üzrə Qlobal Forum ərəfəsində bazar ertəsi təşkil edilən beynəlxalq forumun leytmotivi belə olub. Görüşün təşkilatçıları Expression Online Initiative, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu (RATI), Insan Haqları Klubu və Media Mərkəzidir.
Konfransda Azərbaycan hökumət nümayəndələri, vətəndaş cəmiyyəti institutları, KIV, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. “Internet və insan hüquqları bir-birini qarşılıqlı olaraq tamamlayır, onları bir-birindən ayrı təsəvvür etmək çətindir”,- ATƏT-in KIV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bildirib. O 2012-ci il iyulun 6-da BMT Insan Hüquqları Şurasının Internetdə söz azadlığı ilə bağlı qəbul etdiyi xüsusi qətnaməni Internetdə azadlığın müdafiəsi üzrə beynəlxalq səylərdə mühüm addım adlandırıb. O deyib ki, bəzi dövlətlər Internetin filtrasiyasını, ictimai maraqların, milli təhlükəsizliyin qorunması, terrorizmə qarşı mübarizə məqsədilə saytların bloklanmasını həyata keçirir.
Lakin çox zaman bu tədbirlərdən tənqidi səslərin boğulması üçün istifadə olunur. “Internet virtual məkan deyil. Bu, həyatımızın mühüm hissəsidir. Odur ki, insan hüquq və azadlığını off-line və on-line rejimə bölmək olmaz. BMT-nin qətnaməsi həm off-line, həm də on-line azadlığın müdafiəsinə yönəlib.
“Dövlətlərin saytları blok etmək cəhdləri uğursuzluqla nəticələnib. Təcrübə göstərir ki, heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarşısını ala bilməyib”, – Miyatoviç vurğulayıb.
Azərbaycanda ifadə azadlığının vəziyyətinə toxunan Miyatoviç hökumətin “açıq qapılar” siyasətini müsbət qiymətləndirib.
O deyib ki, həbsi narahatlıq doğuran adamların bir çoxu azadlığa buraxılıb: Eynulla Fətullayev, Emin Milli, Adnan Hacızadə, Cabbar Savalan, Zaur Qurbanlı, Bəxtiyar Hacıyev.
Lakin həbsxanalarda başqa jurnalistlər və blogerlər var. O, jurnalistlərin təqib edilməsinin, həbsinin, döyülməsinin və digər təzyiq formalarının yolverilməz olduğunu qeyd edib.
O bildirib ki, ATƏT bir-birinin əleyhinə yox, problemlərin həlli məqsədilə hökumətlə işləmək istəyir.
RATI-nin direktoru Emin Hüseynov bildirib ki, IGF-yə hazırlıq çərçivəsində Azərbaycanda ifadə azadlığının vəziyyətinə dair araşdırma hazırlanıb. Burada Internetdə vəziyyət təhlil edilib. O qeyd edib ki, hökumət mövcud problemləri inkar edərək Internet azadlığının olduğunu bildirir. Vətəndaş cəmiyyətinin fəalları hesab edirlər ki, Azərbaycanda Internet qismən azaddır, ölkədə isə Internet-dissidentlər var. Jurnalistlər, hüquq müdafiəçiləri, blogerlər on-line ifadəyə görə həbs olunurlar.
Digər problem Internetin keyfiyyətsiz olmasıdır. Ölkədə 3,5 mln. istifadəçi var, lakin əksəriyyət köhnəlmiş dial-up texnologiyasından istifadə edir və sürətli Internetdən məhrumdur. Provayderlərin təqdim etdikləri 3G texnologiyası da nominaldır, çünki Internetin sürəti aşağıdır. Hökumətin siyasi iradəsinin olmamasına görə bu problemlər həllini tapmır.
Freedom House beynəlxalq hüquq- müdafiə təşkilatının nümayəndəsi Kortni Radş avtoritar dövlətlərdə Internetin məhdudlaşdırılması praktikasına toxunub. Onun sözlərinə görə, Yaxın Şərq və Şimali Afrika ölkələrinin təcrübəsi göstərib ki, filtrasiya xalq etirazlarının qarşısının alınmasına zəmanət vermir və bütün bunlar “ərəb baharı”
ilə nəticələnib. O, Azərbaycanda vəziyyətə toxunaraq texniki inkişafın, Internetin sürətinin zəif olduğunu qeyd edib. Odur ki, ölkə regionlarında adamlar youtube-a baxa bilmir.
O hesab edir ki, bu, alternativ informasiyanın yayılmasının qarşısının alınması üçün edilir. Beynəlxalq ekspert Con Kampfner qeyd edib ki, Internetin insan azadlığına birbaşa aidiyyatı var. Terrorizm, ekstremizm və uşaq pornoqrafiyasına qarşı mübarizə insan haqlarının pozulması ilə həyata keçirilməməlidir.
Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz bildirib ki, son 5 ildə Azərbaycanda Internet ciddi inkişaf edib. “Sosial media açıqdır, siyasi və ideoloji senzura yoxdur”, – o vurğulayıb.
Lakin “Azadlıq” radiosunun şərhçisi Xədicə Ismayılova onunla razılaşmayıb. “Azərbaycanda senzura var. Bu senzura qorxudur. Adamlar qorxurlar, onlar MTN-də dindirilmək istəmirlər”,- o qeyd edib və sosial şəbəkələrdəki fikirlərə görə vətəndaşların təqib olunduğunu bildirib.
Jurnalistlərin Həmkarlar Ittifaqının sədri, Mətbuat  Şurasının üzvü Müşfiq Ələsgərli  Azərbaycanın ərəb ölkələri ilə müqayisə olunması ilə razılaşmayıb. O hesab edir ki, Azərbaycanda ərəb modelinin təkrarlanmasının mümkünlüyü barədə təkidli xatırlatmalar yalnışdır(Turan).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button