
Bakı Xankəndinə işıq verir
Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulmasının təmin edildiyi bildirilir. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasından sentyabrın 24-də məlumat yayılıb.
Məlumatda bu, sentyabrın 21-də Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə görüşdə müzakirə olunan məsələlərin həlli istiqamətində “təxirəsalınmaz işlər” kimi təqdim edilir: “2021-ci ildə “Şuşa” yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən “Azərenerji” tərəfindən “Şuşa” yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb… Artıq Xankəndidə Azərbaycan işığı yanır”.
Bu məlumata, hələlik, Ermənistanın rəsmi qurumları və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.



