Bakı mədənlərdə monitorinqin baş tutmamasına görə Rusiyaya nota verib

Nazirlik rəsmisinin dediyinə görə, Rusiyaya təqdim olunan notada sülhməramlı kontingentin bütün fəaliyyətində Azərbaycanın suverenlik və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmamasına görə Bakı Moskvaya nota verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəyə istinadla Azərtac məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Rəsmi Bakı bildirir ki, həmin ərazilərdəki mədənlərdə, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur.

Nazirlik rəsmisi bildirir ki, əldə olunmuş razılığa baxmayaraq dekabrın 10-da Rusiya sülhməramlı kontingentin heç bir tədbir görməməsi fonunda yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub.

Nazirlik rəsmisi elə bu vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyinin Rusiya tərəfinə müvafiq nota təqdim etdiyini bildirib.

Xəbərdə qeyd olunur ki, Azərbaycan tərəfinin notasında “əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib.”

O cümlədən “belə səfərə maneə törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb.”

Məlumatda o da vurğulanır ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazilərinin bir hissəsində yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button