
Bakı Ermənistanın dörd kənddən çıxmasını tələb edir, Yerevan…
Martın 7-də sərhəd komissiyalarının görüşündən ikicə gün sonra rəsmi Bakı bildirib ki, Ermənistanın işğal etdiyi dörd eksklav olmayan kənd (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Bu barədə Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın rəhbəri, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisi məlumat yayıb. Qeyd olunub ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan dörd eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
AzadlıqRadiosunun erməni xidməti –”Azatutyun” yazır ki, Azərbaycan da 1990-cı illərin əvvəlində Ermənistanın daha böyük anklavını, eləcə də sərhəd icmalarına məxsus kənd təsərrüfatı sahələrini tutub.
Ermənistan hökuməti bildirir ki, beynəlxalq miqyasda tanınmış ərazisinin 200 kvadrat kilometri hazırda Azərbaycanın nəzarətindədir, Azərbaycan anklavlarının həmin ərazilərə dəyişdirilməsinin, digər kompromis həll variantlarının müzakirəsinə hazırdır.
Ş.Mustafayevin ofisi isə bildirib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisini işğal etməyib, dörd kəndin “dərhal azad olunması” isə tərəflər sərhədlərin delimitasiyası və demarkasiyasına başlamazadan öncə baş verməlidir.
“Azatutyun” hökumətin martın 11-i axşamadək bu tələbi şərh etmədiyini yazır. Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryanın ofisi də radionun yazılı sualını cavablandırmayıb.
Hökumətyönlü deputat Vağarşak Hakopyan jurnalistləri rəsmi reaksiyanı gözləməyə çağırıb. O qeyri-müəyyən şəkildə deyib ki, dünyada ölkələr arasında sərhəd danışıqları adətən qarşılıqlı ərazi güzəştləri ilə nəticələnir.
Müxalifətdən olan deputatlar isə məsələdən narahatlıq bildiriblər. Geğam Manukyan deyib ki, baş nazir Nikol Paşinyanın birmənalı olmayan mövqeyi və məsələyə dair bəyanatları Azərbaycan tərəfdən Ermənistana qarşı “yeni təcavüzü” legitimləşdirmək üçün istifadə oluna bilər.
Yerevan sərhədlərin müəyyənləşdirilməsi üçün keçmiş sovet hərbi xəritələrindən istifadədə israrlıdır. Azərbaycan prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, Bakı bu təklifi rədd edir, çünki bu xəritələrdən istifadə olunması Ermənistana sərf edir, “məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi”.
Sərhəd mübahisəsi hazırda Azərbaycanla Ermənistanın sülh sazişi imzalanmasında əsas əngəl sayılır. Xarici işlər naziri Ararat Mirzoyan ötən həftənin sonunda Türkiyə dövlət televiziyasına müsahibəsində deyib ki, Bakı 1991-ci il Almatı bəyannaməsinə hər hansı istinada qarşı çıxır. Həmin sənəd yeni yaranmış keçmiş sovet respublikalarının sovet dövrü sərhədlərini təsdiqləyirdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib, separatçı rejim buraxılıb, liderləri saxlanaraq Bakıya gətirilib. Bakı ilə Yerevan sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.



