
“Bakı-Baltika”nın “Xırdalan” pivələri insan üçün təhlükəli olaraq qalır
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əsədovun icraatında “Xırdalan Pivə” – Bakı-Baltika MMC -nin baş direktoru Adam Tlexurayın “Xural” qəzeti və qəzetin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddiadan qarşı tərəfin verdiyi apellyasiya şikayətinə baxılıb.
Vəkil Elçin Sadıqov hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməyə gətirilməsilə bağlı vəsatət qaldırdı və bunu onunla izah etdi ki, adı iddia ərizəsinə salınan məqalələr “Xural” qəzetində dərc olunub və bu haqda daha ətraflı məlumatlar qəzetin baş redaktoru Əvəz Zeynallıya yazılı olaraq şikayət ərizəsi şəklində təqdim olunub. Daha bir vəsatətə məhkəmələrdə video-audio çəkilişlərin aparılması ilə bağlı oldu. Hakim zərurət yarandığı təqdirdə Ə.Zeynallının məhkəməyə gətiriləcəyini, video-audio çəkilişlərə gəlincə bu məsələyə də növbəti məhkəmə prosesləri zamanı baxılacağını bildirdi.
“Bakı-Baltika” MMC-nin nümayəndəsi “Xural” qəzetinin səhifələrində təmsil etdiyi şirkətin baş direktoru vəzifəsini tutmuş Adam Tlexuray haqqında düzgün olmayan məlumatların yayıldığını bununla da onun şərəf və ləyaqətinə böyük məbləğdə ziyan dəydiyini söylədi. Vəkil E.Sadığov isə, Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva bu il yanvarın 23-də “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın 150 min manatlıq iddiasını, qarşı tərəfin iştirakı olmadan qismən təmin edərək, ”Xural”qəzeti və onun təcridxanada olan baş redaktoru Əvəz Zeynallını daha 50 min manat cərimələndirəsini əsassız hesab etdiyini söylədi. “Bakı-Baltika” MMC-nin nümayəndəsi qəzetdə yazılan kimi, Adam Tlexurayın əməkdaşları və fəhlələri söymədiyini iddia etdi. Lakin E.Sadığov “Xural”a daxil olan şikayət ərizəsində bunun tam əksinin olduğunu söylədi: “Mən hesab edirəm ki, jurnalist əgər öz peşəsini layiqincə, fakt və sənədlərə əsaslanaraq yerinə yetirirsə, o zaman kimliyindən asılı olmayaraq onun haqqında lazımi materiaları yaza və yaya bilər. Bu məsələdə də “Xural” qəzetinin redaksiyasına kifayət qədər fakt və dəlillər daxil olub və bunların əsasında yazılan məqalələrin heç birində Adam Tlexurayın şərəf və ləyaqətinə toxunacaq bir cümlə belə işlənilməyib. “Xural” qəzeti “Bakı-Baltika” MMC-nin “Xırdalan Pivə”ləri adı altında tərkibində mikrob tapılan pivələrin təkrar istehsal üçün çənlərə töküldüyü haqda məlumat yayıb ki, növbəti məhkəmə prosesində biz bu görüntüləri məhkəməyə təqdim edəcəyik. Adam Tlexuraya gəlincə, o “Bakı-Baltika” MMC-nin Sank-Peterburqda yerləşən Mərkəzi İdarəsi tərəfindən dəfələrlə yoxlamalara məruz qalıb və işində buraxdığı ciddi nöqsanlara görə (?!) Bakıda tutduğu vəzifəsindən kənarlaşdırılıb”. Bundan sonra vəkil E.Sadığovla “Bakı-Baltika” MMC-nin nümayəndəsi arasında belə bir dialoq oldu:
– Siz A.Tlexurayı çoxdan tanıyırsınız?
– Bəli. 2008-ci ildən tanıyiram.
– Onunla tez-tez görüşürsünüz?
– Lazım olduğundan da artıq görüşürəm.
– Siz tanıdığınız müddətdə o həkimə, xəstəxanaya müraciət edibmi?
– Xeyir.
– Bəlkə onu “Xural” qəzetində dərc olunan məqalələri oxuyandan sonra şoka düşdüyünün, başını divara vurduğunun şahidi olmusunuz?
– Xeyir, elə bir şey olmayıb. A.Tlexuray çox ziyalı və nəzakətli adamdır.
– O zaman siz Adam Tlexuraya dəyən ziyanın məbləğini nəyə əsaslanaraq 150 min manat dəyərləndirmisiniz?
– Mən qəzetdəki məqalələri kənar bir adama verdim, oxudu və onda A.Tlexuray haqda pis rəy yarandı.
– Siz bu yolla dəymiş zərərin məbləğini müəyyənləşdirmisiniz?
– A.Tlexuray vəzifəli şəxsdir.
– Vəzifəli şəxsi tənqid etmək olmaz? Adam Tlexuray indi haradadır?
– O tutduğu vəzifədən bir pillə qaldırılıb.
– Siz A.Tlexurayın işində buraxdığı nöqsanlara görə vəzifəsindən xaric edilməsini yüksəliş hesab edirsiniz? Onun işdən azad olunması ilə bağlı məhkəməyə sənəd təqdim edə bilərsinizmi?
– Hə? Bəli.
– Həmin sənəddə A.Tlexurayın hansı səbəbdən işdən azad olunması ilə bağlı nəsə yazılıbmı?
– Xeyr, yazılmayib.
Hakim İlham Əsədov:
– O zaman biz araşdırmanı davam etdirək. Siz də əlinizdə olan bütün fakt və dəlilləri məhkəməyə təqdim edin.
Hakim lazımı dəlil və faktların araşdırmalarının aparılması məqsədilə prosesin gedişində fasilə elan etdi. Növbəti məhkəmə prosesi iyunun 21 saat 15.00-a təyin olundu.
Məlumat üçün bildirək ki, 2011-ci ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz pivə istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib. Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, ana ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. “Bu günə qədər 15 KamAZ dolusu pivə geri qayıdıb. Əsasən, 2.5 litrlik “Əfsanə” pivələrini qaytaran KamAZ-larda onlarla ton keyfiyyətsiz pivələr daşınır” deqən mənbə onu da bildirib ki, “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Həmişə zavod rəhbərliyi asan yolunu tapmışdı. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarırdı. İndi buna imkan yoxdur. Ramazan günləri münasibətilə pivə bazarında ciddi sıxıntı var. Satışda ciddi azalma olduğu üçün qayıdan pivələri pivəbişirmə çənlərinə tökə bilmirlər. Bütün pivə çənləri doludur. KamAZ dolusu qayıdan xarab pivələri boşaltmağa yer yoxdur.” Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir.
“Xural” məsələyə münasibət öyrənmək üçün “Baltika-Bakı” MMC-nin maliyyə idarəsinin rəisi Mikayıl Cəfərovla əlaqə saxlamış, o da həqiqətən 15 KamAZ pivə zavodun həyətinə daxil olduğunu və Sankt-Peterburqdan gələn komissiyanın “Baltika Bakı” MMC-də yoxlama apardığını təsdiqləmişdi.
Bundan sonra dəfələrlə A.Tlexuray “Xural”ın rəhbərliyi ilə əlaqə saxlayaraq MMC haqqında qəzetin səhifələrində heç bir məlumatın getməməsinə çalışmış, lakin redaksiyadan, “millətimizi zəhərləməyə heç kimin haqqı yoxdur, Gedin keyfiyyətli məhsul istehsal edin, biz də yazmayaq” cavabını alandan sonra, əlləri hər yerdən üzülərək gözləmə mövqeyi tutmuşdular. “Xural” qəzetinin əmlakı müsadirə olunandan sonra Tlexurayın dəstəsi məsələni yenidən qaldırmış, məhkəmədə “Xural”a qarşı 150 min manatlıq iddia qaldıraraq, qisas almağa çalışmışdılar. Lakin baş redaktor Əvəz Zeynallının həbsindən və “Xural”ın fəaliyyəti dayandırıldıqdan sonra məsələ bir qədər səngimişdi. Əvəz Zeynallının istintaq müddəti daha 2 ay 25 gün artırılandan sonra köhnə məhkəmə işləri yada düşür və Sevinc Quliyeva dərc olunmayan qəzetin yenidən cəzalandırılması üçün daha bir siyasi sifarişi həyata keçirir.
XuralTAC “Xırdalan Pivə” nin – Bakı-Baltıka MMC-nin nə cür məhsul istehsal etməsilə bağlı əldə etdiyi faktlarla bu linkdən tanış ola bilərsiniz.
http://www.youtube.com/watch?feature=player_embedded&v=iamVA-qbzK0
XuralTAC




