
Bəxtiyar Sadıqovun mühacir kürəkəni
Bəxtiyar Sadıqov mətbuatla məşğuldur, yoxsa yaxınlarını yüksək vəzifələrə təyin etdirməklə?
“Azərbaycan” qəzetinin baş redaktorunun kürəkəni kafedra müdiri, bacısı baş redaktor, bacısı oğlu isə komissar müavinidir…
Azərbaycanda vəzifələrin bəlli bir dairənin qohum-əqrəbası arasında bölüşdürüldüyü hamıya məlumdur. Ali hakimiyyət Əliyevlərə və onların yaxın çevrəsinə aid edilir. Lakin hər məmur vəzifəsinə uyğun olaraq yaxınlarını işlə təmin edir. Bir sözlə, prezidentdən tutmuş “JEK” müdirinə qədər hər kəs öz adamına “gün ağlayır”. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da məmur dostlarından geri qalmayıb. Redaksiyamıza daxil olan məlumata görə, Bəxtiyar Sadıqovun Gəncədə yaşayan qohumlarının hamısı yüksək vəzifələrdə özlərinə yer edə biliblər.
Ələkrəm Hümbətovun dostu Bəxtiyar Sadıqovun kürəkənidir…
Bəxtiyar Sadıqovun kürəkəni Həsənbala Sadıqov hazırda Gəncə Dövlət Universitetinin tarix kafedrasının müdiridir. Yerli və etibarlı mənbənin bildirdiyinə görə, Həsənbala Sadıqov Elçibəyin prezidentliyi dönəmində Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru olub. Lakin Milli Hakimiyyətə qarşı qiyamlar başlayanda H.Sadıqov yerlisi və köhnə dostu qondarma “Talış Muğam Respublikası”nın lideri Əlikram Hümbətovla əlaqələrini genişləndirib. Ə.Hümbətov H.Sadıqovu qondarma dövlətin təhsil naziri vəzifəsinə təyin edəcəyi barədə razılığını verib. Separatçı qurum məğlub edildiyindən, H.Sadıqovun nazir olmaq sevdası baş tutmayıb. O zamankı dövlət başçısı Heydər Əliyevə Ə.Hümbətovla H.Sadıqov arasında əldə edilən razılaşma barədə məlumat verilib. Bundan sonra H.Sadıqov ölkəni tərk edərək bir neçə il mühacir həyatı yaşamalı olub. B.Sadıqov “Azərbaycan” qəzetinə baş redaktor təyin edildikdən və deputat kreslosunda oturduqdan sonra kürəkənin Azərbaycana qayıdışını təmin edə bilib. Eyni zamanda B.Sadıqovun səyi ilə H.Sadıqov Gəncə Universitetinin tarix kafedrasının müdiri təyin edilib.
Bacısı “Gəncənin səsi” qəzetinin baş redaktoru…
B.Sadıqovun bacısı Rəfiqə Sadıqova da (H.Sadıqovun həyat yoldaşı – Red.) vəzifə üzünə həsrət qalmayıb. Gəncənin sabiq icra başçısı Eldar Əzizov Bəxtiyar Sadıqovun xahişi ilə Rəfiqə Sadıqovanı “Gəncənin səsi” qəzetinin baş redaktoru təyin edib. Gəncənin hazırkı icra başçısı Elmar Vəliyev vəzifəsinin icrasına başladığı ilk günlər Rəfiqə Sadıqovanı işdən azad etmək qərarına gəlib. Lakin Bəxtiyar Sadıqovun xahişindən sonra fikrindən daşınıb (Gəncə şəhərindəki və Yevlaxdakı “dəyirmi masalar”ın görünür, xeyri varmış – Red.).
Bacoğlu da komissar yardımçısı…
B.Sadıqovun bacısı oğlu Yalçın Sadıqov (H.Sadıqov və R.Sadıqovanın oğlu) isə Gəncə Şəhəri Nizamı Rayon Hərbi Komissarının müavinidir.
Bu, yalnız B.Sadıqovun Gəncə şəhərində ələ keçirə bildiyi vəzifələrdir. Yəqin Bakıda və digər bölgələrdə də B.Sadıqov öz “imperiyası”nı qura bilib.
Diqqətli Oxucu xatırlayar, Bəxtiyar Sadıqovun qaynı DYP orqanlarında işləyir. O, bir dəfə baş redaktorumuzun avtomobilini saxlamış və etdiyi qanunsuzluğun səbəbini soruşanda “mən Bəxtiyar Sadıqovun yeznəsiyəm” demişdi.
Fəqan
“Xural” qəzeti,
il 9, sayı: 062 (472), 17 oktyabr 2011



