Bəxtiyar Hacıyevin həbs müddəti artırılıb

İyunun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında ictimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirini daha bir ay, iyulun 28-dək uzadıb. İstintaq orqanı vəsatətini Hacıyevə qarşı yeni ittihamların irəli sürülməsi ilə izah edib.

Vəkil Rövşanə Rəhimli deyib ki, Hacıyev ona qarşı irəli sürülən ittihamları “qondarma” və “sifarişli” adlandırıb.

“Onun saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur, amma cəzaçəkmə müəssisəsindən yazılarını, şikayətlərini göndərə bilmədiyini məhkəmənin diqqətinə çatdırdı”, – Rəhimli vurğulayıb.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Onun haqqında həbs qətimkan tədbirinin buna qədər müddəti bir neçə dəfə artırılıb.

Ötən il dekabrın 9-da həbs edilən Hacıyev əvvəlcə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunub.

Həbsinə etiraz olaraq onun iki dəfə (ikincidə təqribən 50 gün) aclıq aksiyası da keçirdiyi bildirilmişdi.

Ona ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş vermişdi.

Daha sonra bu il iyunun 16-da ona əlavə ittihamlar verilib. İctimai fəala Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə) və başqa maddələri ilə yeni ittihamlar elan olunub.

Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button