Azərbaycanın iki hərbçisinin minadan həlak olduğu deyilir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, sentyabrın 24-ü saat 17:35 radələrində onlara məxsus “KamAZ” markalı avtomobil minaya düşüb.

Nazirlik vurğulayır ki, mövqelərinin təminat yolunda (yer açıqlanmır-red.) tank əleyhinə minanın partlaması nəticəsində iki həbi qulluqçuları həlak olub, biri isə yaralanıb.

Baş Prokurorluğun məlumatında mina partlayışının Ağdam rayonu ərazisində baş verdiyi bildirilir.

Bu məlumata, hələlik, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin və başqa tərəflərin münasibəti bəlli deyil.

Azərbaycan ötən həftə də hərbi əməliyyatlardan öncə Qarabağda mina partlaması nəticəsində dördü polis olmaqla, altı vətəndaşının həlak olduğunu açıqlamışdı.

Xocavənd rayonu ərazisində minalar basdırmaqla altı Azərbaycan vətəndaşının ölümündə şübhəli sayılan şəxslərin saxlandıqları bildirilir.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 25-də məlumat yayıb.

Məlumata görə, sentyabrın 19-da baş verən ölüm halları ilə bağlı həmin şəxslər bir gün sonra saxlanılıb. Onlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirməkdə şübhəli sayılırlar.

Bu məlumata, hələlik, Qarabağda tanınmayan qurumun təmsilçiləri və saxlananların yaxınlarının münasibəti açıqlanmayıb.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 50-dan çox vətəndaşı minaya düşərək həlak olub, 200-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan xəritələri Azərbaycana veriblər.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button