
Azərbaycanda karantin yenə uzadılıb
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərarda bildirilir ki, “koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə” Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılır.
Bundan əvvəl karantin rejiminin müddəti 2 oktyabra qədər uzadılmışdı.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb.
Mayın 6-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının sona çatdığını elan edib.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 300-dən çox şəxsin vəfat etdiyi bildirilir. Amma son aylar bu virusa yoluxmanın kəskin şəkildə azaldığı bildirilir.



