Azərbaycan prezidenti: 'Sülh anlaşmasının imzalanması qaçılmazdır'

“Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək”. AZƏRTAC-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib.

Əliyev bəyanatında vurğulayıb ki, Azərbaycan torpaqlarının 20 faizi uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olub: “İşğal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Həmin ölkədə Azərbaycan və Ermənistan xarici işlər naziri bu ayın əvvəllərində dörd gün müzakirələr aparıblar. Daha sonra iki ölkənin liderləri Brüsseldə, nazirlər isə Moskvada danışıqlar aparıblar. Amma, hələlik, detalları açıqlanmayan sülh sazişi imzalanmayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button