Azərbaycan prezidenti Fransa naziri ilə Ermənistanla münasibətlərdən danışıb

Prezident İlham Əliyev aprelin 27-də Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonnanı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident nazirə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı məlumat verib.

Prezident deyib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından və 44 günlük müharibənin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.

O vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır, Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirir.

Məlumata görə, prezident Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəsinin suveren hüququ və ərazi bütövlüyünün təmin olunmasının ifadəsi sayıb.

Xəbərə görə, Ketrin Kolonna da bildirib ki, Fransa Cənubi Qafqaz regionunda sülhün, iqtisadi, sosial inkişafın mövcud olmasını istəyir.

Azərbaycan prezidentinin bu ittihamlarına, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma Ermənistanın rəsmi qurumları, bir qayda olaraq, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, Qarabağın “müdafiə ordusu” onlara aid deyil. Üstəlik, onlar vurğulayırlar ki, üçtərəfli bəyanatda Naxçıvana dəhlizin verilməsi nəzərdə tutulmayıb.

Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda bu addımın atılması Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə əsaslandırılır. Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycandan öncə Yerevanda olub. O, Bakıdan isə Gürcüstana getməlidir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button