Azərbaycan prezidenti bir daha “Qarabağ, Şərqi Zəngəzur Azərbaycandır!” – dedi.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı çox önəmli açıqlamalar verib. Bu açıqlamaların əhəmiyyəti nəzərə alaraq oxucularımıza bəzi fraqmentləri təqdim edirik.

Prezident deyib: “Əlbəttə, biz torpaqlarımızı azad etmək üçün addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad edilsin. Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi – beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi. Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. İndi çıxan yeni məlumatlar və eyni zamanda, azad edilmiş torpaqlarda mövcud olan mənzərə onu göstərir. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı. İndi bilinir ki, onların məqsədi status-kvonu əbədi etmək, bizə bir qarış torpaq qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər və istəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər. Hesab edirdilər ki, bu siyasət onlara xeyir gətirəcək. Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”

Dövlət başçısı daha sonra Qaragöl və Zəngəzur məsələsinə də toxunub və konkret olaraq, “Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Zəngəzurda yerləşmişik və möhkəmlənirik…” deyib:

“Biz indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi bu gün qeyd olundu – yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi ilə tanış oldum, Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi. Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button