AZAL “YENİ MÜSAVAT”DAN 500 MİN İSTƏYİR

19.06.2012

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Bu barədə musavat.com-a qəzetin hüquqşünası Vaqif Hüseyn bildirib.

Onun sözlərinə görə, AZAL “Yeni Müsavat”ın 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqaləyə görə qəzetdən 500 min manat pul istəyir: “İddia ərizəsi Nizami Rayon Məhkəməsinə göndərilib. Hakim “Yeni Müsavat”a qarşı dəfələrlə qərəzli və qanunsuz qətnamələr çıxarmaqla tanınan Ziya Əliyevdir”.

Bundan başqa, “Yeni Müsavat” qəzetinin hazırda səkkiz məhkəmə çəkişməsi var. İşlər müxtəlif instansiya məhkəmələrində davam etdirilir. Qəzetin hüquqşünası Vaqif Hüseynin verdiyi məlumata görə, bir müddət əvvəl “Yeni Müsavat” qəzeti Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu, Nizami rayon icra şöbəsi ilə bağlı iddiadır. Səbəb icra vərəqinin qanunun tələbinə uyğun olmamasıdır. Proses iyunun 20-də keçiriləcək. Qeyd edək ki, akademik Cəlal Əliyev “Yeni Müsavat”ı məhkəməyə verərək 1500 manat cərimə kəsilməsinə nail olub. C.Əliyev qəzetdə yazılan məqalələrdə şərəf və ləyaqətinin təhqir edildiyini iddia edirdi.
V.Hüseyn bildirib ki, bundan başqa, hazırda “Yeni Müsavat”ın Qəbələ Konserv Zavodu ilə də məhkəmə çəkişməsi davam edir. Proses birinci instansiya məhkəməsinə qaytarılıb. “Yeni Müsavat”ın nümayəndələri prosesə inzibati iqtisadi məhkəmədə baxılmasının doğru olmadığını əsas götürərək məhkəmə aidiyyatının dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Vəsatət həm birinci instansiya, həm də Apelyasiya Məhkəməsi tərəfindən qanunsuz olaraq rədd edilib. V.Hüseynin sözlərinə görə, qərardaddan şikayət bir neçə günə Ali Məhkəməyə təqdim olunacaq. Zavod rəhbərliyi qəzetdən 1 milyon manat təzminat tələb edir.
V.Hüseyn qeyd edib ki, hazırda “Yeni Müsavat”ın Müdafiə Nazirliyi ilə bağlı 5 məhkəmə çəkişməsi var. Bütün proseslərə Xətai Rayon Məhkəməsində baxılır. “Yeni Müsavat” qəzetinin nümayəndələri iddia təmin tədbirinin dəyişdirilməsi barədə hər beş məhkəmə üzrə vəsatət qaldırıblar. Vəsatətlərlə bağlı şikayətlər Apelyasiya Məhkəməsinin icraatındadır. Nazirlik beş iddiada üst-üstə qəzetdən 400 min manat təzminat tələb edir.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur “Ayı işi” ilə bağlı da qəzet şikayət verib. Yasamal Rayon Məhkəməsinin qətnaməsindən artıq Apellyasiya şikayəti verilib, Apellyasiya məhkəməsi isə qətnaməni qüvvədə saxlayıb. “Yeni Müsavat” həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır. Qeyd edək ki, məhkəmə “Yeni Müsavat”a 4 min manat cərimə kəsib. İddiaçı isə 500 min manat istəyirdi.

Qeyd edək ki, məhkəmənin hazırlıq iclası iyulun 4-ü saat 10:45-ə təyin olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button