Azərbaycanda 'müqavimətçi dəstə' üzvlərinin həbs edildiyi bildirilir

Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün yaradılmış “müqavimətçi dəstə” üzvlərinin həbs edildiyi deyilir.

Bununla bağlı aprelin 6-da Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıblar.

İddia olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlərlə ələ alıblar. Vurğulandığına görə, ona ölkədə silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər: “Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb”.

İddiaya görə, bundan başqa, Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb: “Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər”.

Vurğulandığına görə, dəstə üzvləri, eyni zamanda, İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bu açıqlamaya, hələlik, sözügedən şəxslərdən, onların vəkillərindən və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Son illər Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Hələ ötən il noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Bununla bağlı beş Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi. DTX ondan az əvvəl də bildirmişdi ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub.

Həmin dönəm İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır: “Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır”.

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum oldu. Səfirliyin bir əməkdaşı həlak oldu, ikisi yaralandı. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə etdi. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button