Azərbaycan və Ermənistanın sərhəd komissiyaları görüşəcək

Ermənistan və Azərbaycan sərhəd delimitasiyası və demarkasiyası komissiyaları noyabrın 30-da iki ölkənin dövlət sərhədində görüşməyi planlaşdırır. Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) noyabrın 23-də yaydığı məlumatda bu barədə ilkin razılaşma əldə olunduğunu bildirib.

Azərbaycan XİN noyabrın 21-də Ermənistanla “qarşılıqlı məqbul” məkanda birbaşa danışıqlara çağırmışdı. Yerevan buna cavabında Bakı ilə danışıqları yenidən aparmağa hazır olduğunu təsdiqləyib, amma ən yüksək səviyyədə birbaşa danışıqlar məsələsinə toxunmayıb.

Sərhəd komissiyalarına Azərbaycan və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev Mher Qriqoryan başçılıq edirlər. Komissiyaların ilk görüşü 2022-ci ilin mayında, ikinci görüşsə bu ilin iyulunda keçirilib.

Yerevan hələ də iki ölkənin liderləri səviyyəsində danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparmağa meyllidir. Bunu Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki müttəfiqi AzadlıqRadiosunun erməni xidmətinə deyib. Hökumətyönlü “Mülki müqavilə” fraksiyasını təmsil edən Sarkis Xandanyanın sözlərinə görə, belə danışıqlar Ermənistan-Azərbaycan normallaşmasının əsas prinsiplərinə əsaslanmalıdır. Bu prinsiplərə ərazi bütövlüyü və sərhədlərin 1991-ci il Almatı deklarasiyası əsasında qarşılıqlı tanınması, dövlətlərin öz ərazilərindən keçən nəqliyyat əlaqələri üzərində suveren yurisdiksiyası daxildir.

Sentyabrın ortasında Qarabağa nəzarətin bərpa olunması ilə nəticələnən birgünlük əməliyyatdan sonra Azərbaycanla Ermənistan arasında Qərb platformasına danışıq baş tutmayıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button