Azərbaycan və daha 3 ölkə yaşıl enerjinin inkişafı və ötürülməsi sazişini imzalayıb

İmzalanan sənəd elektrik enerjisinin Azərbaycandan Gürcüstan və Qara Dəniz vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi üçün infrastruktur yaradılmasını nəzərdə tutur

Dekabrın 17-də Rumuniyanın paytaxtı Buxarestdə yaşıl enerji ilə bağlı 4 ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. (“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”).

Rəsmi xəbər agentliyi Azərtac-ın verdiyi məlumata görə, tədbirdə Rumıniya və Azərbaycan prezidentləri, Gürcüstan və Macarıstanın baş nazirləri və həmçinin Avropa Komissiyasının Prezidenti iştirak edib.

Xəbər agentliyi bildirir ki, sazişlə bağlı keçirilən plenar iclada çıxış edən Azərbaycan prezidenti İlham Əliyev təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qiqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırdığını qeyd edib:

“İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq” -İ. Əliyev bildirib.

Enerji keçidi

Enerji keçidi son illər qlobal energetika sistemində ən çox müzakirəyə çıxarılan məsələlərdən biridir. Söhbət bütövlükdə enerjidən yararlanarkən neft, kömür, təbii qaz kimi ənənəvi resursların payca azaldılmasından və əvəzində bərpa olunan enerji resurslarının (günəş, külək və bu kimi alternativ enerji mənbələrinin) payca artırılmasından gedir.

2022-ci ilin sentyabrında Bakıda keçirilən “Dəyişən qlobal iqtisadiyyatın artım perspektivləri” adlı tədbirdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib ki, “Azərbaycan bu gün enerji keçidinə hazır olan azsaylı ölkələrdən biridir”.

Enerji keçidinə yaranan maraq məsələnin iqtisadi motivləri ilə yanaşı, həm də iqlim dəyişiklikləri və dekarbonizasiya hədəfləri ilə bağlıdır.

Paris Sazişinin şərtlərinə uyğun olaraq, dünyanın ən böyük enerji idxalçısı regionu sayılan Avropa Birliyi də 2030-cu ilədək istixana qazı tullantılarını 1990-cı illə müqayisədə 40 faiz azaltmağı hədəfləyir. 21-ci əsrin ortasında – 2050-ci ildə isə sıfır tullantıya nail olunması hədəflənir.

Avropa Birliyi regionu Azərbaycanın başlıca enerji tərəfdaşıdır. Digər tərəfdən, Azərbaycan özü də Paris Sazişinə qoşulub. Milli Məclis 2016-cı ildə bu sazişi ratifikasiya edib və ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 30 faiz azaltmaqla bağlı öhdəlik götürüb.

Azərbaycanda alternativ enerjinin payı nə qədərdir?

Rəsmi rəqəmlərə görə, ötən il ölkədə toplam 27 milyard 856 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bunun 94 faizi istilik elektrik stansiyalarının payına düşüb. Başqa sözlə, ölkədə elektrik istehsalının mütləq əksəriyyəti təbii qaz hesabına təmin edilib.

Su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi ölkənin toplam elektrik enerjisi istehsalının 4.6 faizi olub. Bərpa olunan enerji mənbələrinin (külək, günəş, biokütlə və sair) Azərbaycanda elektrik enerjisi istehsalındakı payı cəmi 1.2 faiz olub.

Ötən il ölkədə bərpa olunan enerji mənbələri hesabına istehsal edilən 340 milyon kilovat/saat elektrik enerjisinin 92 milyon kilovat/saatı külək, 55 milyon kilovat/saatı günəş, qalan 193 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb.

Enerji keçidi ilə bağlı Azərbaycanda son dövrlər diqqətçəkən daha bir məqam yeni investisiyalardır. Son dövrlər buna dair bir neçə anlaşma imzalanıb.

Rəsmi açıqlamaya görə, Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Azərbaycana bərpa olunan enerji sahəsində gerçəkləşdiriləcək pilot layihələri çərçivəsində 400 milyon dollara yaxın sərmayə yatıracaq.

Bu ilin yanvarında Səudiyyə Ərəbistanı şirkətinə məxsus “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlatma mərasimi keçirilib.

Bu külək elektrik stansiyası 300 min evin elektrik enerjisi ilə təminatını gerçəkləşdirəcək. Nəticədə Azərbaycan ildə 220 milyon kubmetr təbii qaza qənaət edə biləcək. Eyni zamanda, BP şirkəti ilə də alternativ enerji ilə bağlı əməkdaşlığa dair sənədlər imzalanıb.

Azərbaycan gələn il Avropaya daha çox qaz nəql etmək istəyir

Azərtacın məlumatına görə, bunu da Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdəki çıxışı zamanı deyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button