
Azərbaycan səfirliyinə hücum edən şəxsə hökm oxunduğu deyilir
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumda ittiham olunan, Yasin Hüseynzadə kimi təqdim edilən şəxs barədə ölüm hökmü çıxarıldığı bildirilir.
Bu barədə oktyabrın 1-də Azərbaycanın Dövlət Televiziyasının (AzTV) “Həftə” verilişində məlumat verib.
Lakin hökmün icra edilib-edilməməsi barədə məlumat, hələlik, yoxdur. Üstəlik, məlumata İranın Azərbaycandakı səfirliyi və sözügedən şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Y.Hüseynzadə kimi təqdim edilən şəxs bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə “Kalaşnikov” markalı avtomat ilə hücum edib. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb. O, sonra səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək qərarı verdiyini bildirmişdi.
Amma Azərbaycanın rəsmi qurumları bu iddianı təsdiqləməmişdilər. Həmin olaydan sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib.



