
Azərbaycan Rusiya vətəndaşını axtarışa verib
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti Mixail Aleksandrova qarşı Azərbaycanda cinayət işi açılıb.
Bu barədə dekabrın 19-da Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, o, dekabrın 13-də müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycanın neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə dağıdılmalı olması ilə bağlı açıq çağırışlar edib.
Onun Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və başqa maddələrlə ittiham edildiyi bildirilir.
Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib.
Azərbaycan Baş Prokurorluğunun bu açıqlamasına, hələlik, M.Aleksandrov və Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.



