Azərbaycan İran səfirliyinin dörd əməkdaşını ‘arzuolunmaz şəxs’ elan edib

İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı persona-non-qrata elan edilib.

Bu barədə bu gün, aprelin 6-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 6-da İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb: “Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib”.

“İran səfirliyinin dörd əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi səfirin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib”,-XİN bildirir.

Bu açıqlamaya, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Son illər Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Azərbaycanın hüquq-mühafizə orqanları İrandan təlimat alan bəzi şəxslərin ölkənin konstitusiya quruluşuna qarşı fəaliyyət apardığını bildirir. İran isə Azərbaycanda onlara qarşı xarici qüvvələrə şərait yaradıldığını iddia edir. İttihamlar qarşılıqlı olaraq təkzib edilir.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə edib. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button