Azərbaycan bir hərbçisinin yaralandığını deyir

Azərbaycan Ermənistan sərhədində bir hərbi qulluqçusunun yaralandığını bildirir.

Müdafiə Nazirliyinin məlumatına görə, mayın 10-u axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vardenis rayonu istiqamətində mövqelərindən Azərbaycan ordusunun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub: “Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ağır yaralanıb”.

Azərbaycan mayın 11-i səhər saatlarından etibarən də həmin istiqamətdə mövqelərinin minaatanlardan atəşə tutulduğun deyir. Nazirlik Azərbaycan ordusunun “zəruri cavab tədbirləri” gördüyünü bildirir.

+++

Yerevan isə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Sotk (Geğarkunik rayonu) ərazisindəki mövqelərini atəşə tutduğunu bildirir. Ermənistanın Müdafiə Nazirliyi “müvafiq müdafiə tədbirləri” həyata keçirildiyini qeyd edir.

“Azərbaycan mətbuatında Ermənistan tərəfinin İran pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Əvvəllər xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrində İran pilotsuz uçan aparatı yoxdur”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button