Azər Həsrətin “Qaynar Qazan” dedikləri qalmaqala səbəb oldu – yazarlar atışdı

SAM_9508

Natiq Ədilov: “Azər Həsrət mənə böhtan atır, AXCP-nin, Əli Kərimlinin Azər Həsrət adlı problemi yoxdu”

Azər Həsrət: “Mənim e-poçtumda onun şəxsimə yazdığı təhqir məktubu hələ də qalır, əgər o, bir türk kişisi ərdəmliyinə sahibdirsə, izn versin, o yazışmamızı xural.org-da yazı şəklində dərc edim”

Azər Həsrətlə “Qaynar Qazan” çəkilişi qalmaqala səbəb olub. Müsahibədə Azər Həsrətin “Mən bir dəfə Razi bəydən Əli Kərimlinin yanında olanda xahiş elədim, soruşsun. Razi də intellektual adamdır, bir az da mədəni adamdır, söyüş-filanla işi yoxdur. Dedim, Razi bəy, səninlə yaxşı münasibətlərimiz var, indi də onun yanındasan, bir dənə Əli bəydən öyrən gör, mənimlə onun nə problemi var? Artıq tamam uzaqlaşmışıq, ayrılmışıq, amma niyə məni indi söydürür? Natiq Adilov kimi adamları mənim üstümə düşürlər. Bir Əli Kərimli desin ki, ay Natiq Adilov, Azər Həsrətlə işin olmasın” deməsi, Natiq Ədilovun cavab verməsinə səbəb olub. Natiq Ədilov Azər Həsrətin yalan danışdığını deyib və bu qeydinin cavab haqqı kimi xural.org-da dərc olunmasını xahiş edib. Natiq Ədilov yazır:

natiq ədilov

“Hörmətli Əvəz bəy, bu adam (Azər Həsrət nəzərdə tutulur – Red.) mənim üçün heç bir maraq kəsb etməyən biridir. Bütün respublika ictimaiyyəti onun metamorfozuna şahidlik edəndən sonra onun barəsində nəsə yazmaq, soruşmaq artıq olardı. Buna baxmayaraq, ictimai rəyə hörmət əlaməti olaraq bir açıqlama verməyi lazım bilirəm. Çünki saytınızı minlərlə adam oxuyur, şübhəsiz onların arasında məni və AXCP-ni, eləcə də Azər Həsrəti yaxşı tanımayanlar ola bilər.
Odur ki, bəyan edirəm: AXCP-nin, Əli Kərimlinin Azər Həsrət adlı problemi yoxdu, bu adam özü-özündən nəsə xoflanır. Ona elə gəlir ki, İlham Əliyevə loyal münasubətinə görə onu tənqid edənlərin hamısını AXCP təlimatlandırır. Fəqət reallıq başqadı, bu, cəmiyyətin təbii reaksiyasıdır. Həqiqətdən üz devirən hər kəsə hər yerdə içdən gələn reaksiya belə olur.
Gələk, bir az xırdalığa.
Azər Həsrət mənə böhtan atır. Bu, bir zaman onun emosiyaya qapılıb İlham Əliyevi söyməsi qədər qeyri-etik, ziyalıya yaraşmayan hərəkətdir.
Hörmətli Həsrət təkrar-təkrar deyir ki, mən onu söymüşəm. Harda, nə zaman?
Xahiş edirəm, Azər Həsrət ortaya faktlar qoysun.
Faktı axtarmağa həvəsi yoxdursa, mən onun yaxşı ata olduğuna inanıram, balasının əziz canına and içsin ki Natiq Ədilov onu söyüb. Bu halda mən sizin sayt vasitəsi ilə ondan üzr istəməyə hazıram.
Bunu edə bilməyəcəksə, o zaman o, bir türk kişisi kimi ərdəmlik göstərib barəmdə səhv etdiyini, yaxud zənnə qapıldığını etiraf etsin.
Hörmətli Əvəz bəy, xahiş edirəm mənim bu qeydimi cavab haqqı olaraq saytınızda yerləşdirəsiniz.”
Natiq Ədilovun yazısından sonra Azər Həsrətin cavabını gözlədik və 19 saat sonra Azər Həsrətin cavabı gəldi. Azər bəyin də yazdığını olduğu kimi dərc edirik:
azər həsrət
Natiqə demək istərdim ki, ondan fərqli olaraq mən ailəni müqəddəs sanıram və heç bir zaman ailəmi işlərimə qarışdırmadım. Yəni ondan fərqli olaraq ailə qədri bilənəm. Üstəlik, həmişə inanmışam ki, yalnız yalançılar and içər. Dediyinə əmin olan insan heç vaxt and içməz. Mən də belələrindənəm. Türk kişisi kimi ərdəmlik göstərməyə gəlincə, mən istənilən səhvimə görə, istənilən zaman üzr istəməyə hazıram və bunu ayıb saymıram. Amma məsələ ondadır ki, Natiqin özü burada yalan danışır. Ya onun yaddaşında problem var, ya da bilərəkdən ictimai rəyi yanıltmaq istəyir. Xatırladıram: http://www.azerhasret.com/?p=99 ünvanında yayımlanan “Xalq Cəbhəsi – arxivə!” başlıqlı yazım dərc ediləndən sonra bu adam mənim e-poçtuma təhqir dolu məktub göndərmişdi. Sadəcə, özəl yazışmaları paylaşmağı etik saymadığım üçün onu sildim və unutdum o zaman. Amma bu adam əməlini yenə davam etdirdi və indi mənim e-poçtumda onun şəxsimə yazdığı təhqir məktubu hələ də qalır. Əgər o bir türk kişisi ərdəmliyinə sahibdirsə, izn versin, o yazışmamızı yazı şəklində dərc edim. Özü də Xural.com saytında. Bundan əlavə, Natiq və “Azadlıq”ın bir neçə yazarı son illər ərzində davamlı olaraq məni təhqir edən, aşağılayan yazılar yazmaqla məşğuldur. Özü də o, burada səndən cavab haqqı istəyir, amma ondan soruşmaq lazımdır ki, niyə “Azadlıq” qəzeti heç vaxt Azər Həsrətə bu haqqı tanımır? Bəs harada qaldı Türk kişisinin ərdəmliyi? Mən belə örnəkləri çox verə bilərəm. Sadəcə başqa oxucuların zamanını almaq istəmirəm.”
xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button