
Azərbaycan Xocalı faciəsi ilə bağlı araşdırma aparır
1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi ilə bağlı yeni məlumatlar araşdırılır.
Bunu noyabrın 2-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlayıb.
DTX bildirir ki, bu ilin sentyabrında keçirilmiş “lokal xarakterli antiterror tədbirləri” nəticəsində terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Madat Babayan Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində saxlanıb.
“İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı, həmçinin bildirib ki, 1992-ci ilin fevralında Xocalı faciəsinin törədilməsində iştirakçı olub… Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib”, – məlumatda vurğulanır.
M.Babayanın, habelə vəkilinin rəsmi açıqlamaya münasibəti bəlli deyil.
Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 31 il öncə baş verən Xocalı faciəsi zamanı 613 nəfər öldürülüb, 1275 insan əsir və girov götürülüb.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda “lokal antiterror tədbirləri” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.



