
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda İlham Əliyevin yekun nitqi – Fraqmentlər VİDEO
Mən bir daha demək istəyirəm ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Deyə bilmərəm ki, bu, belə geniş vüsət alıbdır, amma var və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.
Sahibkarların sosial məsuliyyəti məsələsi vardır. Keçən il də mən müşavirədə bu barədə danışmışam. Mən sahibkarların bu sosial məsuliyyət məsələlərinə olan diqqətini alqışlayıram. Bilirəm ki, bir çox yerlərdə sahibkarlar öz təşəbbüsü ilə sosial layihələri icra edirlər – məktəblər, bağçalar tikirlər. Bütün bunlar çox gözəl, təqdirəlayiq hallardır. Ancaq bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da vardır. Onlara abadlıq işləri gördürürlər, sonra pulunu vermirlər. Hər bir rayonun öz büdcəsi vardır. Hər bir rayona mütəmadi qaydada dövlət tərəfindən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır.
Sahibkarları bu işlərə cəlb etmək lazım deyildir. Kim istəyir kömək etsin. Amma bəzi hallarda onları məcbur edirlər, onlar böyük həcmdə xərc çəkirlər, sonra da pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır və buna son qoyulmalıdır.
Sahibkarların sosial məsuliyyəti onların könüllü təşəbbüsüdür. Mən bunu alqışlayıram, amma heç kimi məcbur etmək olmaz. Bunu hər kəs bilsin.
Bütövlükdə bölgələrdə işlər müsbət istiqamətdə gedir, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri öz vəzifə borcunu yerinə yetirirlər. Bölgələrdə gedən işlər dövlət siyasətinin təzahürüdür. Yerli icra orqanları səmərəli, fəal işləyirlər. Əksər hallarda sahibkarlarla yerli orqanlar arasında münasibətlər sağlam zəmində qurulur, ancaq dediyim kimi, elə hallar vardır ki, biz bu hallardan çox ciddi narahatlıq keçiririk. Çünki bəzi hallarda yerli icra orqanlarının hərəkətləri, addımları dövlət siyasətimizə tamamilə ziddir.
Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır.
İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir.
Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır.
Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları.
Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə nə olar? Əriyərlər onlar?! Nə olacaq?!
Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Mənə, bu gün səhər buraya gəlməzdən əvvəl maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur?! Onlar eşitmir ki, mən nə deyirəm?! Yaxud da ki, onların yadından çıxır?! Bu, bəlkə də o qədər də böyük məsələ deyildir. Amma bu, bir göstəricidir. Bu, nə ayrı-seçkilikdir cəmiyyətdə?! Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?! Sən get özünü öz işin ilə, öz əməlin ilə, ağlın ilə, ölkəyə verilən töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Ona görə mən deyirəm, – bu gün də daxili işlər nazirinə dedim, – bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm, burada, qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!
Mən hesab edirdim ki, bu barədə bir neçə dəfə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu, son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda vardır. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülübdür. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar. Eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır. Onların arasında elektron xidmət, ASAN xidməti, elektron hökumət təşəbbüsü, bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət olacaqdır. ASAN xidmət proqramı artıq tətbiq edilir. İlin sonuna qədər ən azı Bakı, Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərləri tam şəkildə əhatə olunacaqdır. Ən azı! Ola bilər, başqa şəhərlər də ilin sonuna qədər bu sistemlə təmin ediləcəkdir. Növbəti illərdə ölkəmizin bütün şəhərlərində bu sistem tətbiq edilməlidir. Biz bunun gözəl nəticələrini görürük.




