
Azərbaycan Ermənistan hərbçisini saxladığını deyir
Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, bu gün, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb.
Məlumata görə, kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları məqsədilə Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətində mövqeləri arasındakı boşluqlardan istifadə edərək ölkə ərazisinə sızmağa cəhd edib: “Erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib”.
Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.
Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Atəşkəsin pozulması ilə də bağlı vaxtaşırı məlumatlar yayılır. Tərəflər buna görə də, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.



