
Azərbaycan çirkli havaya görə 10 ölkədən biridir
Yayımlandı: 19 İyul 2023 12:31
Bu cür hava müxtəlif tənəffüs problemlərinə səbəb olur
Azərbaycan havanın kiçik toz zərrəcikləri ilə çirklənməsinə görə dünyada ən pis göstəricinin qeydə alındığı 10 ölkədən biridir. Yale Universitetinin Ətraf Mühit Siyasəti və Hüquq Mərkəzinin hazırladığı hesabatda belə deyilir.
Diametri 2.5 mikrometrdən az olan (insan saçından 100 dəfə nazik) və havada uzun müddət asılı qala bilən kiçik toz hissəcikləri (elmi adı: PM2.5) ilə havanın çirkliliyinə məruz qalmağa görə Azərbaycan dünyada 170-ci sıradadır.
Havadakı tozun sağlamlığa bu qədər təhlükəli olduğu digər ölkələr Yaxın Şərqin səhra iqlimli ölkələridir. PM2.5-ə qısa müddətdə məruz qalma gözlərdə, burun və boğazda qıcıqlanma, öskürək, asqırma və nəfəs darlığı; uzun müddət məruz qalma isə astma və xroniki bronxit kimi tənəffüs problemlərinə səbəb ola bilər.



