
Aydın Abbasov doğum gününü qeyd edib
Bəzi KİV-lər Abbas Abbasovun oğlu Aydın Abbasovun saxlanılması barədə məlumat yayıblar. Yayılan məlumata görə, Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov dünən Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Sabiq deputat Aydın Abbasovun saxlanmasının Gəncə hadisələri ilə bağlı ola biləcəyini qeyd edən media orqanları əlavə heç nə yazmayıblar.
Xural.com məsələ ilə bağlı məlumatlar əldə edib. Məlum olub ki, Aydın Abbasov həqiqətən Bakıdadır, amma onun saxlanılması haqqında yazılanlar həqiqətəuyğun deyil. Aldığımız məlumata görə, dünən Aydın Abbasovun doğum günü olub və o, dostları, yaxınları ilə birlikdə Bakıda doğum gününü qeyd edib.
Abbasov Aydın Abbas oğlu 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.
Xural.com



