
AXCP: 'Fəal üzvümüz 20 sutka həbs edilib'
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, Suraxanı rayon şöbələrinin fəalı Tehran Abdullayev saxlanıb.
Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, o, oktyabrın 15-də saxlanıb.
AXCP-dən onun hansı səbəbdən saxlandığını dəqiqləşdirə bilmədiklərini söyləyirlər: “Biz onun konkret hansı səbəbdən saxlanıldığını bilmirik, amma güman ki, polisə müqavimət ittihamıdır. Onu bilirik ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Həftənin sonuna düşdüyündən vəkil order alıb onunla görüşə bilməyib”.
Amma AXCP-dən bu deyilənlərə Daxili İşlər Nazirliyi və Suraxani rayon Məhkəməsindən, hələlik, münasibət almaq mümkün olmayıb.
Hazırda müxalifətdə olan AXCP-nin 10-a qədər fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.



