
AXC Qubadlı rayon şöbəsinin tarixi tələbləri (1993)-TARİX
Zamanın AXC Qubadlı Rayon Şöbəsinin və AXC sədrinin Səlahiyyətli nümayəndəsi Aydın Şükürov özünün facebook səhifəsində 10 avqust 1993-cü il tarixli bir sənəd paylaşıb. Daşıdığı tarixi əhəmiyyəti nəzərə alaraq bəyanatı xural.org olaraq təqdim edirik:
“Heydər Əliyevin qəsb etdiyi hakimiyyətinə hüquq donu geyindirməsi və torpaqlarımızın işğal təhlükəsinə məruz qoyduğu günlə bağlı AXC Qubadlı Rayon Şöbəsinin
B Ə Y A N A T I
Qubadlı şəhəri, 10 avqust 1993
Məlum 04 iyun hadisələrindən sonra Azərbaycanda qanuni hakimiyyətin silahlı yolla devrilməsi nəticəsində hakimiyyətdə olan qüvvələrin apardığı siyasətin əsas məqsədi, AXC-ni şantaj edib siyasi səhnədən uzaqlaşdırılmasına yönəldilmişdir. AXC-nin ünvanına deyilən iyrənc uydurma və təhqirlərə cavab olaraq onun iqtidarda olan üzvlərinin etiraz kimi fəaliyyətlərinin dondurulmasından istifadə edib onların hakimiyyətdən uzaqlaşdırılması, Respublikamızın, eləcə də dünyanın demokratik qüvvələri tərəfindən pislənilmişdir.
Dözülməz yalanların baş alıb getməsi, yəni az qala son 200 ildə xalqımızın başına gətirilən bəlaların AXC-nin fəaliyyəti ilə bağlanması, xalqın iradəsini ifadə edən nüfuzlu bir təşkilatın yarandığı gündən milli həmrəyliyi əsas tutaraq demokratiyanın, dövlətçiliyimizin inkişafındakı, torpaqlarımızın müdafiəsindəki fəal iştirakının heçə endirilməsi ən böyük ədalətsizlikdir. Qarşıdurma yaratmaqla yeni torpaqlarımızın – Ağdamın, Ağdərənin, bütövlükdə Fizuli və Cəbrayılın bir neçə kəndinin işğal olmağa gətirib çıxardanlar, Qubadlı, Zəngilan, Cəbrayıl bölgələrinin sabahkı mühasirə halqasına düşməyəcəyinə təminat verməyə hazırdırlarmı?..
Son dərəcədə ağır günlərini yaşayan, qarşısında yarım milyondan artıq qaçqın problemi dayanan ölkənin gülünc qərarlar qəbul etməklə, dedi-qodularla baş qatıb xalqı aldatmaqla məşğul olan parlament tezliklə buraxılmalıdır. Xüsusi ilə xalq deputatı İsa Qəmbərin gözlənilməz həbsi, bütün cinayətlərin günahkarlarını AXC sıralarında tapmaq istəyən oyunbazların Milli Məclisin son iclaslarındakı biabırçı qərarları, o cümlədən fövqalədə vəziyyət rejimində, təcili Respublika prezidentinə etimad göstərilməsi məsələsinin referendum yolu ilə həll edilməsi haqqında qərarı, onların eybəcər simasını bir daha açıqladı.
Çox təəssüflər olsun ki, belə yersiz və əsassız qərarların qəbul edilməsindən şirnikənlər, əsas qüvvəsini rayonun müdafiəsinə yönəldən, Müdafiə Nazirliyi yaranmamışdan könüllü dəstələrdə, sonralar müdafiə batalyonlarında siyasi fəaliyyətini dayandırmaqla fəal iştirak edən, rayonun müdafiəsində xüsusi xidmətləri olan, neçə şəhidi, “Milli Qəhrəman” adına layiq görülən AXC Qubadlı rayon şöbəsinin üzvlərinə qarşı da böhtan kompaniyasına başlamışlar. Ən böyük problemimiz olan müharibənin dövlət səviyyəsində aparmağa çağıranlar, güclü dövlət qurumunun demokratik prinsiplərlə idarə olunmasını tələb etməyə borcludurlar.
İndiyə qədər rayonun bütövlüyünü qoruyub saxlayan, heç bir qarşıdurmaya yol verməyən AXC Qubadlı rayon şöbəsinin üzvlərini heç bir təqib, təzyiq vasitəsilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrundakı mübarizədən çəkindirmək mümkün olmamış və olmayacaqdır.
Respublikadakı ağır hərbi-siyasi vəziyyəti, siyasi qarşıdurmanı nəzərə alaraq AXC Qubadlı rayon şöbəsi tələb edir:
1. Hakimiyyət dairələrinin əlində alət olan kütləvi informasiya vasitələrinin AXC-nə qarşı yönəldilmiş böhtan kompaniyasına son qoyulsun.
2. Siyasi əqidəsinə görə qeri-qanuni həbs edilənlər azadlığa buraxılsın, AXC üzvlərinə qarşı edilən təqib və təzyiqlər dayandırılsın.
3. Ağdamın işğalından sonra Fizuli bölgəsində yaranmış təhlükəli vəziyyətlə əlaqədar Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının mühasirə təhlükəsi üçün cavabdeh kimi respublika prezidenti və hazırkı ali hakimiyyət orqanları əhalinin təhlükəsizliyinə təminat versin, kütləvi informasiya vasitəsilə elan etsin.
4. Müharibə gedən bölgələrdə əhalini əsas məqsəddən yayındırdığına görə referendum keçirilməsi dayandırılsın.

AXC Qubadlı Rayon Şöbəsi.
AXC sədrinin Səlahiyyətli nümayəndəsi Aydın Şükürov”
Xural.com



