
Avroparlament Azərbaycanla bağlı tənqidi hesabatı qəbul edib
Avropa Parlamenti martın 15-də keçirilən plenar iclasında “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabatı səs çoxluğu ilə qəbul edib.
Xorvatiyalı millət vəkili Jelyan Zobkonun hazırladığı hesabata dair dinləmədə çıxış edən Avropa deputatlarının çoxu Azərbaycan hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirmədiyinə, təməl azadlıqlar və insan haqlarını pozduğuna görə tənqid ediblər.
Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropa İttifaqının Azərbaycanla enerji sektorunda əməkdaşlığını gücləndirib, lakin Aİ buna görə Azərbaycanda insan haqlarının və demokratiyanın pozulmasına göz yummamalıdır.
Hesabat Azərbaycanda ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, təməl insan hüquqlarnın təmin edilməsinə, habelə siyasi məhbusların azad olunmasına çağırır.
Sənəddə Avropa İttifaqına Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan rəsmilərə sanksiyaların qoyulmasına çağırış edilir.
Sözü gedən hesabatda Azərbaycan və Ermənistan arasında gərginliyə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsinə də toxunulub.
Xəbər yenilənir



