
Avropa Rusiyaya qarşı sanksiyaları artırdı – Ruslar həyəcan içində…
Avropa Şurasının başçısı Charles Michel, Avropa Birliyi sammitinin zirvə toplantısında Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaların uzadılması barədə qərarı təsdiqləyib.
“Moskva, Minsk razılaşmalarını yerinə yetirmək üçün üzərinə götürdüyü öhdəlikləri etməlidir”,- deyə Charles Michel vurğulayıb.
Avropa Şurası Başçısı Charles Michel bu gün Avropa Birliyinin zirvə toplantısında Rusiyaya qarşı iqtisadi sanksiyaların altı ay uzadılması üçün daha bir siyasi qərar verdiyini təsdiqləyib:
“Rusiyaya qarşı iqtisadi sanksiyalarımızı uzatmağa qərar verdik. Moskva Minsk razılaşmalarını həyata keçirmək üçün hər şeyi etməlidir” deyə o, Twitter hesabında yazıb.
Bundan əvvəl Avropa Şurasındakı Avropa ölkələrindən birinin nümayəndə heyətindəki mənbə mətbuata sanksiyaların uzadılması barədə belə demişdi:
“Rusiya ilə bağlı müzakirə çərçivəsində, həmişəki kimi, Minsk razılaşmalarının (Ukraynanın şərqindəki münaqişənin həlli ilə bağlı) icrası məsələsi qaldırılıb. Hamı əhəmiyyətli bir irəliləyiş olmadığını təsdiqlədi. Əksinə, son aylarda Ukrayna və Rusiya sərhədində həyəcanverici hadisələrin şahidi oluruq. Buna görə də heç kim sanksiyaların altı ay uzadılmasına qarşı çıxmadı “.
Diplomatın sözlərinə görə, sammitdən dərhal sonra rəsmi prosedura başlanılacaq və bu, yaxın həftələrdə Avropa Birliyinin Rəsmi Jurnalında müvafiq qaydaların dərc olunması ilə başa çatacaq. Bundan sonra sanksiyalar rəsmi olaraq 2022-ci il yanvarın 31-dək uzadılacaq.
Qeyd edək ki, 2014-cü ildə Avropa Birliyi, Ukrayna hadisələri və Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmişdi. Məhdudlaşdırıcı tədbirlər bir neçə dəfə genişləndirilib: Vizasız rejim və yeni əməkdaşlıqla bağlı müqavilələr üzrə danışıqlar dayandırılıb, Rusiya Federasiyası rəsmiləri üçün AB ölkələrinə giriş qadağan edilib və onların aktivləri dondurulub. Ticarət, maliyyə və hərbi xarakterli məhdudlaşdırıcı tədbirlər də tətbiq olunub. Buna cavab olaraq Rusiya Avropa Birliyi ölkələrindən bir sıra qida məhsullarının idxalına qadağa qoyub.



