
Avropa Parlamenti Azərbaycanı jurnalistləri azad etməyə çağırır
Oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edib.
453 deputat qətnamənin lehinə, 31-i əleyhinə səs verib, 89 nəfər səsvermədə iştirak etməyib.
Qətnamədə Azərbaycan hakimiyyətinin ölkəiçi və xaricində fəallara, jurnalistlərə, müxalifət liderlərinə repressiyası pislənilir, təzyiqlərin COP29 ərəfəsində nəzərəçarpacaq dərəcədə intensivləşdiyi bildirilir.
Avropa Parlamenti hakimiyyəti siyasi baxışlarına görə saxlanılan və həbs olunanları azadlığa buraxmağa çağırır. Sənəddə Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, jurnalistlər və media işçiləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Ələsgər Məmmədli, Fərid Mehralızadə və digərlərinin adları çəkilir.
Qətnamədə ölkədə yaradılmış qorxu mühiti sarıdan dərin narahatlıq ifadə olunur.
Mətbuat və ifadə azadlığını təmin etmək, media qurumlarının işini məhdudlaşdırmamaq çağırışı edilir.
Sənəddə deyilir ki, Azərbaycanda davam edən insan haqları pozuntuları bu ölkənin COP29-a ev sahibliyinə uyğun gəlmir. Aİ liderlərinə çağırış olunur ki, COP29-dan yararlanaraq Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatsınlar.
Aİ-nin Azərbaycandan qaz idxalından asılılığına son qoyması istənilir.
Azərbaycan hökuməti, hələlik, bu qətnaməyə münasibət açıqlamayıb. Hakimiyyət təmsilçiləri indiyədək insan haqlarının durum ilə bağlı tənqidləri rədd ediblər.
Ötən ilin noyabrdan ölkədə 20-dək jurnalist və ictimai-siyasi fəal saxlanılıb. Onlar həbslərini özlərinin peşə fəaliyyəti, hakimiyyəti tənqid etmələrinə bağlayırlar.



