
ATƏT yenidən Azərbaycana “boyunbağı” edilir – ermənilərin tələbi ilə…
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, vasitəçilərin iştirakı ilə Qarabağ problemini müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanda saxlanılan hərbi əsirlərin və girovların dərhal qaytarılmasının, itkin düşənlərin taleyinin aydınlaşdırılmasının və Dağlıq Qarabağda erməni mədəni-tarixi irsinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 10-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Xovayev (Rusiya), Endryu Şofer (ABŞ) və Bris Rokfeyl (Fransa) ilə görüş keçirib. Sonra həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş spektri müzakirə ediblər. Mirzoyan vurğulayıb ki, Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüddətli həllinə yalnız ATƏT-in Minsk Qrupunun himayəsi altında, tərəflərə məlum olan prinsiplər və elementlər əsasında aparılan danışıqlar nəticəsində sülh yolu ilə nail olmaq olar.
Görüşdə vəziyyətlə yerindəcə tanış olmaq üçün həmsədrlərin regiona səfərinin vacibliyi qeyd edilib. Tərəflərin fikrincə, ilk növbədə regionda vəziyyətin deeskalasiyası üçün aydın addımlar atılmalıdır. Bu kontekstdə Mirzoyan Dağlıq Qarabağın mülki əhalisinə qarşı insan tələfatına səbəb olan hücumları pisləyib, həmçinin Azərbaycanda ermənilərə qarşı nifrət ritorikasını qəbuledilməz hesab edib.
Ermənistanın xarici işlər naziri və vasitəçilər təcili həllini tələb edən humanitar problemlər barədə fikir mübadiləsi aparıblar. Mirzoyan Azərbaycanda saxlanılan hərbi əsirlərin, girovların və digər şəxslərin dərhal geri qaytarılmasının, itkin düşənlərin taleyinin aydınlaşdırılmasının və Dağlıq Qarabağda mədəni-tarixi irsin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Həmin gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Mirzoyan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin ATƏT-in Minsk qrupunun həmsədrləri formatında bərpasına dair Ermənistan tərəfinin mövqeyini təqdim edib. O, vasitəçilər ilə görüşdə, o cümlədən vəziyyətin gərginləşməsinin, humanitar problemlərin həllinin zəruriliyi, təxribatların yolverilməzliyi və “ermənifobiya” ritorikasına dair ifadə olunan mövqeyi təsdiqləyib.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri noyabrın 10-da Parisə noyabrın 12-dək davam edəcək işgüzar səfərlə gəlib.



