ATƏT Azərbaycandakı prezident seçkisini müşahidəyə başladı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi üzrə müşahidəçilər missiyasının işə başladığını elan edib.

“Turan”ın xəbərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri Ouen Mörfi (İrlandiya) dekabrın 29-da Bakıda mətbuat konfransında bildirib ki, səkkiz həftə ərzində seçki kampaniyasını, səsvermənin özünü və səslərin hesablanması prosesini izləyəcəklər.

Açıqlamaya görə, missiya 11 beynəlxalq ekspertdən ibarətdir. Seçki kampaniyasının və seçkilərin monitorinqini yanvarın 3-də gələcək 26 uzunmüddətli müşahidəçi həyata keçirməlidir. Onlar paytaxt Bakı da daxil olmaqla Azərbaycanın bütün bölgələrini əhatə etməlidir.

O.Mörfinin sözlərinə görə, ATƏT-ə daxil olan ölkələrə bilavasitə seçki günü səsverməni izləməyə 280 qısamüddətli müşahidəçi üçün də sorğu göndəriblər.

Missiya rəhbəri müxalifət nümayəndələrinin repressiya şəraitində demokratik seçkilərin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı bəyanatlarını şərh etməyib, missiyanın fəaliyyətə yeni başladığını vurğulayıb.

ATƏT/DTİHB Azərbaycanda bundan əvvəl-2018-ci ildə keçirilən növbədənkənar prezident seçkisində 28 uzunmüddətli, 280 qısamüddətli müşahidəçi ilə təmsil olunmuşdu. Qurumun yekun hesabatında seçki prosesində yetərli rəqabətin olmadığı səsvermədə bir sıra pozuntuların olduğu vurğulanırdı.

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu “qəfil seçki” adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button