ATASININ ÖLÜMÜNÜ ƏLİ KƏRİMLİYƏ DEMƏYİBLƏR – VİDEO

Sən demə, cəmiyyət Əli Kərimlinin atasının yasına icazə gözləyərkən...

Əvəz Zeynallı Əli Kərimlidən yazıb. Sən demə, cəmiyyət Əli Kərimlinin atasının yasına icazə gözləyərkən, atasının dünyasını dəyişdiyi xəbərini heç ona verməyiblər. Əvəz Zeynallı bugünkü facebook səhifəsində bununla bağlı paylaşım edib. Xural.org olaraq paylaşımı olduğu kimi təqdim edirik:
“Təəssüfedici və acıdır. Eşitdiyim xəbər qanımı dondurub. Biz burada Əli Kərimlinin Atasının yasına buraxılma xəbərini gözləyərkən, bilirsinizmi nə olub? Ümumiyyətlə, Əli Kərimliyə Atasının vəfatı haqqında məlumat verməyiblər. Sadə, adi xəbəri belə çağırıb deməyiblər. Əli Kərimli yalnız həftə başlayanda – yanılmıramsa dünən öyrənib xəbəri və çox sarsılıb! Yerə-göyə sığmayıb, üzülüb, kədərlənib… Buraxın dəfnə göndərməyi xəbəri belə verməyiblər, telefonla zəng edib vəziyyətdən hali olmasına belə imkan yaradılmayıb – həftəsonunu bəhanə gətirib səssizliyə qərq ediblər bir Azərbaycan mübarizini, bir Vətən oğlunu…
Belə olmamalıdır. Bizim adətlərimiz, yazılmamış qanunlarımız, örfümüz buna imkan vermir. Biz qanlı düşmən qapısına getmişik, bizi duz-çörəklə qarşılayıblar. Biz namusumuzu mərd düşmənə əmanət edən kişilərin balalarıyıq. Səbəb olan Ramiz Mehdiyev evində işində-gücündə ikən, səbəb olmayan Əli Kərimliyə bu zülüm olmaz! Olmaz!
Yaxın tariximizdə bunun nümunələri var. İstintaq altında dövlətə xəyanət ittihamı ilə həbs olunan və DTX-nın təcridxanasında saxlanılan Rauf Mirqədirovun Atası da vəfat edəndə Rauf bəyi yasa buraxmışdılar. Bizdə də edə bilərlər, ancaq bir neçə gün ümumiyyətlə, xəbər belə verməyiblər, insani olan heç nə etməyiblər. Yaraşmadı… Yaraşdırmadım…
…O qədər problemlərin içində hər dəfə mənə salam göndərir. Məndən çox narahatdır, müalicəmlə maraqlanır, ən incə detallarına qədər soruşur. Mən də ondan narahatam. Bu günlərdə daha çox narahatam. Ancaq bilirəm ki, Əli bəy sinə gərəcək. Bu da onun imtahanıdır. Bu imtahandan yaxşı çıxacaq və Azərbaycan üçün daha böyük işlər görəcək!
Onun missiyası tamamlanmayıb…”
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button