AŞIQ ƏLƏSGƏR İRSİNDƏ SUFİLİK

Füzuli, Firdovsi, Hafiz, Nəsimi...

Tarix:
Professor Camal Mustafayevin tədqiqat əsəri olan “AŞIQ ƏLƏSGƏR İRSİNDƏ SUFİLİK” əsərini təkrar təqdim edirəm. Ədəbiyyatçılar, şairlər, tədqiqatçılar üçün əla vasitədir. Amma istinad etmək mütləqdir.
29 sentyabr saat 11-30-da Xudafərin sarayında tərəfimizdən nəşr olunan kitabın təqdimatı oldu.
Müəllif Camal Mustafayevin müraciətindən:
“AŞIQ ƏLƏSGƏR İRSINDƏ SUFİLİK” kitabımın təqdimat tədbirində iştirak edən gözəl insanları ürəkdən salamlayıram. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli başda olmaqla sizin hamınıza dərin təşəkkür edirəm. Xəstəliyim üzündən bu ibrətli tədbirdə iştirak edə bilmədim. Ancaq həmişə olduğu kimi, ruhən, qəlbən sizinləyəm. Bu mənalı mərasimlə əlaqəli bəzi fikirlərimi xülasə şəklində demək istərdim.
Əsər yazmaq, oxucuya kitab təqdim etmək mənim üçün gerçəkdən müqəddəs bir işdir. Quranda “Qələm” surəsində ali kəlamı xəyalınıza gətirin: “Qələmlə yazılan yazılara and olsun!” Ruhun zəhmətilə həqiqətləri axtarıb üzə çıxaran qələm sahiblərinə ünvanlanıb anılan ilahi kəlam.
DƏYƏRLİ OXUCULAR BU GÖZƏL TƏDQİQAT ƏSƏRİNİ NƏZƏRİNİZƏ ÇATDIRIRIQ.
_______________________________________________
Camal Mustafayev
AŞIQ ƏLƏSGƏR İRSINDƏ SUFİLİK
Aşıq Ələsgərin şeir sənətində sufiliyin təsiri açıq duyulur. Bunun sirrini ətraflı aydınlaşdırmaq dahi sənətkarın dünyagörüşü haqqında təsəvvürümüzü genişləndirər. Buna görə bu maraqlı mövzunu ciddi araşdırmaq niyyətindəyik.
Əvvəlcə bir məlumatı hörmətli oxucuya bildirmək lazım gəlir. Həmin mövzu keçən əsrin 70-ci illərindən başlayaraq müəllifin xəyalında dolaşırdı. Mötəbər alimlərlə söhbətlərdə biz aşıq Ələsgəri mütəfəkkir kimi təqdim edirdik. Şərqin fəlsəfi poeziyasından, sufizmdən səmərəli istifadə etdiyindən danışırdıq. Sonralar “Ozan” qəzetinin nəşri münasibətilə qeydlərimizin bir yerində bu mövzunu əsaslı açıqlamağın lüzumunu vurğuladıq. Ancaq maraqlananların bu xüsusda bizdən gözlədikləri tədqiqat hələ meydana çıxmırdı. Başqalarının qayğısına qalmaq öz elmi araşdırmalarımızı sistemləşdirməyi ləngidirdi. (Çoxdan düşündüyümüz əsərlərin bir neçəsini yalnız son illərdə bitirə bildik).
Aşıq Ələsgər irsində sufiliyi izləməkdən əvvəl onu şərtləndirən amillər haqqında məlumat verək. Bu amillər müxtəlifdir; yeri gəldikcə onlardan xüsusi danışılacaq. Fikrimizcə, ilk növbədə onun zəngin Şərq poeziyasına yaradıcı marağından doğurdu. O, Şərqin poetik dühalarının söz sənətinə bələd olduğunu ayrıca xatırladırdı:
“Yox sazımın nə pərdəsi, nə simi,
Onu çalıb kim tərpədər nəsimi,
Füzuli, Firdovsi, Hafiz, Nəsimi
Onlar da yazdığı ayə məndədi.”
Həmin sətirlərdə bəzi sözləri qısa tərzdə izah edək: “Yox sazımın nə pərdəsi, nə simi” – şeirə köklənmiş könül sazıdır. Şairin qəlb rübabının “nə pərdəsi, nə simi” olmur; onu gözəl şeir çalır, dilə gətirir. “Nəsimi”–ruhu canlandıran, xoş ovqat oyadan səba yelidir. “Ayə”- bilindiyi kimi hikmətli şeirdir (Quran ayəsinə bənzər).
Aşıq Ələsgərin şeirlərində Nizamidən, Füzulidən, xüsusən Nəsimidən əxz edilən kəlamları mütəxəssis oxucu əyani görür. Bu mənada hələlik heç olmasa bir neçə örnəyi misal göstərək:
“Söz gövhərə döndü, şair – qəvvasa,
Çətin ələ gəlir sözlərin xası.”
Nizami
“Gövhər olar dəryalarda dərində
Qəvvas çəkər onu ay üzə tək-tək.”
Aşıq Ələsgər
“Gər qara daşı qızıl qan ilə rəngin edəsən,
Təbə təğyir verib, ləli-Bədəxşan olmaz.”
Füzuli
“Sərraf yüz bəzəsə səngi siyahı (qara daşı)
Üzdən mütəllədir (parlaqdır) ləl ola bilməz.”
Aşıq Ələsgər
Aşıq Ələsgərin bəzi şeirlərində Nəsimi irsindən nisbətən geniş faydalandığını müşahidə etmək olur. Xüsusilə “Əliflam” şeirini Nəsiminin eyni adlı şeirindən ruhlanaraq yaradıb. Nümunəni təqlid etmədən, ərəb hərflərini “Əlifdən – yeyə” qədər İslam dini əsasında müstəqil olaraq mənalandırıb.
Yaxud aşıq Ələsgərin Şərq poeziyasına marağını bir daha ifadə edən kəlamını xatırladaq:
“Tutubdu dəstində gözəl nizamı
Füzuli, Firdovsi, gözəl Nizami,
Təqdiri-qüdrətin gözəl nizamı
Dərdi mənə verib, yara-dərmanı.”
Bu şeirin birinci misrasında “nizam”-nəzmdir; onu “dəstində tutmaq” – söz mülkünə hakim olmaq deməkdir. “Təqdiri-qüdrətin gözəl nizamı” – ilahinin yaratdığı əzəli dünya nizamı.
Aşıq Ələsgər həmin kəlamında öz böyük ustadı aşıq Alının fikrini davam etdirir. Aşıq Alı özünün həqiqətən hikmətli təcnislərinin birində bu fikri belə ifadə edirdi:
“Birdi, bu aləmdə nizam ikimi,
Nizam olmaz dünya nizamı kimi.
Füzuli, Firdovsi, Nizami kimi,
Alıyam, kaş yazam bir ayə mən də.”
Bu məlumatlardan sonra diqqətimizi Aşıq Ələsgərin açılmayan məşhur “Ay nədən oldu?” bağlamasını açmağa yönəldək. Bu bağlama əslində başdan-başa sufilik ruhu daşıyır. Onu əvvəlindən sonuna qədər sistemli şəkildə açmaq lazımdır:
“Yerin, göyün, ərşin, kürsün, insanın
Künhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seçdi?
Hikmətin dəryası ay nədən oldu?”
Burada əvvəlcə varlığın ilk səbəbi haqqında söhbət gedir. Bu səbəb sufizmdə Allah anlamına gələn dünya ruhudur. Əslində xüsusi termində buna “dəryayi-mühit” deyilir; dünyanın əsli sayılır. Aşıq Ələsgər “Hikmətin dəryası” sözünü eyni mənada işlədir. Onun başqa sualını düşünək: “Yeri göydən, göyü yerdən kim seçdi?”
Bu sualı Quran-i Kərimdən əxz etdiyi məlumata əsaslanır. “Füssilat”, “Əl-Hac” surələrində bu məsələdən xüsusi danışılır. İlk yaranışda “qaz halında olan göyü” Allah, iradəsi ilə yerdən ayırdığı deyilir. Yəni bu, Kainatı bir nizama gətirməyin ilk başlanğıcına işarə edirdi. Buna görə Aşıq Ələsgər sonra Kainatın quruluşu haqqında sual verirdi:
“Yeddi qat göy nə növünən quruldu?
Neçə qəndil, neçə sütun vuruldu?
Sən kimsən, mən kiməm, kimdən soruldu?
Ustadlar ustadı ay nədən oldu?”
Sufilik sistemində bu “yeddi qat göy” – yeddi planet bir ənənə olaraq xatırlanır: Günəş, Ay, Mars, Venera, Saturn, Merkuri, Yupiter. Düşündürən əsas cəhət – bunların səmada bir-birini şərtləndirən nizamla yerləşməsidir. Bunu nəinki sufilik, neçə fəlsəfi sistemlər ilahi hikmətin gerçəkliyini təsdiqləyən dəlil sayır.
Aşıq Ələsgər bu ciddi sualı Qurana əsaslanaraq verirdi. Açıqlama üçün bəzi surələrdə bu xüsusda örnəklərdən xatırladaq: “Bir-birinin üzərində yeddi qat səmanı yaradan Odur (Allahdır). O rəhmanın bu yaratdığında heç bir düzənsizlik tapa bilməzsən. Gözünü bir çevir bax, onda (səmada) bir çatlaq belə görə bilərsənmi?..” (“Mülk” surəsi).
“Üstünüzə yeddi qat sağlam göy bina etdik. (Ortasına da) işığı bol olan günəş lampasını asdıq.” (“Nəbə” surəsi).
“Allahın 7 qat göyü bir-birinin üzərində yaratdığını görmürsünüzmü? Ayı içlərində bir nur, günəşi də qəndil yaratdı.” (“Cin” surəsi).
Aşıq Ələsgərin həmin sualının cavabı bu gətirilən kəlamlardan öz-özünə aydın olur: Yeddi qat göy bir-birinin üzərində qurulub; işığı bol günəş burada “qəndildir”. Bəs “neçə sütun vuruldu?” deyəndə nəyi nəzərdə tuturdu? Məşhur dörd təbii ünsürü: odu, suyu, torpağı, havanı. Bu ifadə Nəsiminin bir fikrinə çox uyğun səslənirdi:
“Dörd dirəklə qaim olmuşdur bu şəhr
Kim, anın içindədir afaqü dəhr.”
Nəhayət, keçək anılan sualın başqa hissəsinin qısa şərhinə:
“Sən kimsən, mən kiməm, kimdən soruldu,
Ustadlar ustadı ay nədən oldu?”
Bu, – sufilikdə Qurandan əxz edilən, ənənəvi anılan bir ayəyə işarədir: “Ələstu Birəbbikum Qalu-Bəla”-“Mən sizin Rəbbiniz deyiləmmi? Bəli,- dedilər.” Quranda deyilənə görə, Allah yaranışın əzəlində ruhlara həmin sualla müraciət edib, “bəli” cavabı almışdı. Təsəvvüf əhli əslində bunu Allahla qədimi vəhdət andı kimi qiymətləndirir:
“Qalu bəlanın əhdini unutmazam, unutma kim.
İmani tövhid əhlinin şol əhdü, şol iqrar imiş.”
(Nəsimi)
Aşıq Ələsgərin “Ay nədən oldu?” bağlamasını uğurla açmağı davam etdirək:
“Nədən lövh yarandı, nədəndi qələm?
Neçə hüruf o məclisdə oldu cəm?
Aləmi-ərvahda qurulan aləm
Ayəsi, şəqqəsi ay nədən oldu?”
Sufi anlamına görə, “lövh”-lövhə varlığın ruhu, “qələm”-Allahın əmridir. Bu lövhədə iki hüruf cəm oldu: “K”, “N”=”Kafu-nun”: “kon”-“ol” sözünü yaratdı. Təsəvvüf əqidəsində, Qurana uyğun olaraq, Allahın varlığı “ol” əmri ilə yaratdığı düşünülür.
Sonra “Aləmi-ərvah”, yəni ruhlar aləmi xüsusunda soruşurdu. Aşıq Ələsgərin dövründə bütün göylər aləmi belə adlanırdı. Təmiz mövcudluğu baxımından dörd ünsürlü yerin qarışıq təbiətinə qarşı qoyulurdu.
“Ayəsi, şəqqəsi (yəni hissəsi) ay nədən oldu?” sualını isə belə cavablandıra bilərik: Parlayan ulduzlar – onun ayəsi, günəşlə ay – şəqqəsi sayılırdı.
Bağlamanın sonrakı bəndlərində əks edilən sualları (rəmzləri) açmağa diqqət yetirək:
“Mansırın toxmağı, İsrafil suru,
Kəbənin Zəmzəmi, Musanın Turu,
Nitqimin quyəsi (gözəlliyi), didəmin nuru,
Sərimin sevdası ay nədən oldu?”
Aşıq Ələsgər “Mansırın toxmağı” deyəndə Həllac Mənsuru anırdı. “Həllac – pambıq atan” deməkdir; “toxmaq” sözü buna işarədir. Həllac Mənsur ilahi eşq şəhidi kimi bütün təsəvvüfdə əslində bir simvola çevrilmişdi. Yunus Əmrənin sözüdür: “Bizdən nişan istəyənə ol Həllacı Mənsur nədir?” O, öz batini ruhunda Allaha qovuşduğunu çəkinmədən söyləyirdi. Bunu rəmzlə “Ənəl-həq” (“Mən Allaham”) ifadəsində yayırdı. Nəsimi Həllac Mənsura gerçəkdən coşqun ilhamla pərəstiş edirdi.
“İsrafil suru”na gəlincə, onu sufilik başqa çalarda anladır. Quranda bu surun məhşər günündə – ölülərin qəbirdən dirildiyi, ilahi məhkəmənin başladığı gündə çalınacağı bildirilir. Sufilikdə bu “dirilmə”, mahiyyət etibarilə, mənəvi oyanışa, özünüdərketməyə bir çağırış olaraq səslənirdi. Bu cəhətdən Nəsiminin çağırışını nümunə göstərmək yerinə düşər:
“Məhşər suru çalındı, yatma dur,
Görki nə sovdadasan, halın nədur?
…Ey özündən bixəbər qafil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnə qıl hasil oyan!”
Açıqladığımız bənddə ikinci sualı cavablandıraq: “Zəm-zəm” Məkkədə həcc ziyarətində olanların müqəddəs nemət kimi tapındıqları çeşmədir. Nəsimi bu xüsusda belə deyir:
“Kəbə yolunda eşq ilə yoldaş ol, ey həccə varan,
Susamaz ol ki, yoldaşı Zəmzəm ilə Fərat olur.”
“Musanın Turu” isə sufilikdə daha çox tətbiq edilən bir rəmzdir. Burda Musa peyğəmbərin Tur dağında yanan ağacın parlaq nurunda təcəlli edən Allaha qovuşduğu söylənilir.
Bu suallar üzərində isə bir qədər dayanmaq lazımdır:
“Nitqimin quyəsi (gözəlliyi), didəmin nuru,
Sərimin sevdası ay nədən oldu?”
Aşıq Ələsgər əslində Quranda Allahın adından söylənən “Kon”-“ol” nitqinin gözəlliyini düşünür. Öz nitqinin gözəllik mayasının bu yaradan başlanğıcdan canlandığını ifadə edirdi. Bunu Nəsiminin bənzər bir fikri ilə müqayisə edək:
“Cövhərləri zühurə gətirdi bu nitqi həq,
Gör kim nə feyzə gəldi, yenə bəhri kanımız.”
“Didəmin nuru” sözünü adi mənada işlətmir; batini ilahi eşqin nurunu nəzərdə tutur. “Sərimin sevdası” ifadəsini bununla bağlı olaraq Allah eşqi mənasında işlədir.
“Ay nədən oldu?” bağlamasının son bəndini iqtibas edib, əhatəli açıqlayaq:
“Yazıq Ələsgərəm, intizarım var,
Alimsənsə, məni eylə xəbərdar:
Elmi hardan tapdı cümlə aşıqlar?
Şeiri-müəmması ay nədən oldu?”
“Elmi hardan tapdı cümlə aşıqlar?” – bu bəndin məna yükünü daşıyır. Şübhəsiz, söhbət dünyəvi aşıqlardan deyil, sufi görüşlü aşiqlər haqqında gedir. Bunlar isə ruhlarında daşıdıqları Allah eşqini bir elm olaraq düşünürlər. Bu yöndə Yunus Əmrənin bir kəlamını anmaq zəruridir:
“Biz talibi elmləriz, eşq kitabın oquruz,
Cələb müdərris bizə eşq xud mədrəsəsidir.”
Aşiqlərin “eşq mədrəsəsi” Allah özüdür, söyləyirdi Yunus Əmrə.
Nəsiminin bu xüsusda fikirlərindən birini oxucuya təqdim edək:
“Nitq imiş aləmdə mövcud, eşq imiş qayim-məqam
Bizə bildirdi əzəldən rəhbəri-mövlayi eşq.”
Aşıq Ələsgər özü bu sualını başqa bir şeirində belə cavablandırırdı:
“Ələstu Birəbbikum Qalu-Bəladan
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm üzümü xaki-payına
Elm tapıb sinə dəftər olmuşam.”
Sufinin “üzünü torpağa sürtmək” qaydası Allah eşqi qarşısında mütiliyin rəmzidir. Yunus Əmrə bu qaydaya əməl etdiyini yeri gələndə xüsusilə bildirirdi:
“Yunus Miskin, kəndözün, torpaq eylədi yüzün,
Məşuqəyə yaraşan bir misginliyim vardır…”
“Könül səcdə qılur dost mehrabında,
Yüzün yerə urub qılur münacat.”
Tamamlayıcı sualda aşiqlərin “şeiri-müəmması ay nədən oldu?” deyə soruşulur. Bunun cavabı belədir: sufi sözün mənasını rəmzlərlə ifadə etdiyi üçün, onun şeiri müəmmalı olur. Həmin sualı aşığın əxlaq mədəniyyəti xüsusunda özünün nəsihətində dediyi kəlamla cavablandırmaq olardı:
“Danışanda sözün qiymətin bilə,
Kəlməsindən ləli-gövhər süzülə,
Məcazı danışa, məcazı gülə,
Tamam sözü müəmmalı gərəkdi…”
Aşıq Ələsgərin uzun müddət açılmamış qalan “Ay nədən oldu?” bağlamasını layiqincə açdıq. Bunun tamamilə sufi motivləri üzərində qurulduğunu əyani izlədik. Qurandan gətirilən kəlamlarla, bundan başqa Nəsiminin, Yunus Əmrənin müvafiq fikirləri ilə müqayisəli şəkildə əsaslandırdıq.
Onun irsində sufilik bir neçə şeirində əks edilib. Bu yöndə oxucunu düşündürmək meyli açıq hiss edilir. Aşağıda belə nümunələri mahiyyətinə münasib surətdə şərh edəcəyik.
“Ələstudən bəli dedim,
Nə xoş kəlamdı yüküm,
Bir gözəlin aşiqiyəm,
Vəsfi kamaldı yüküm…”
Bu kəlamı hər dəfə tamamilə yanlış şəkildə yazırlar. Misal olaraq, Aşıq Ələsgərin 1972-ci ildə nəşr edilən kitabında belədir:
“Ələsdudən bəli dedim,
Nə xoş kam aldı yüküm;
Beş gözəlin aşiqiyəm,
Vəsfi camaldı yüküm.”
1988-ci il nəşrində isə bu variantdadır:
“Ələsdudən bəli dedim,
Əcəb xoş haldı yüküm;
Beş gözəlin aşiqiyəm,
Vəsfi camaldı yüküm.”
Yuxarıda açıqladıq: “ Ələstudən bəli dedim” – sufilik əqidəsində Allah eşqinə əzəli sədaqət andı kimi düşünülür. Bunu o cümlədən Aşıq Ələsgərin öz sözləri ilə diqqətə yetirdik. Sufinin bütün ruhunu ehtiva edən bir Allah eşqidir. O, öz könül dünyasının kamilliyini bu eşqində görür. Aşıq Ələsgərin bayaq anılan kəlamı əslində həmin mənanı ifadə edir:
“Ələstudən bəli dedim,
Nə xoş kəlamdı yüküm,
bir gözəlin (Allahın) aşiqiyəm,
Vəsfi kamaldı yüküm.”
Bununla əlaqəli Füzulinin bir fikrinə dərindən diqqət edək:
“Ey Füzuli qılmazam tərki-təriqi eşq kim,
Bu fəzilət daxili əhli kəmal eylər məni.”
Kamal – kamillik istəyi ilahi eşq aşiqinin ali niyyətidir. Onun inamında batini ruhun kamilliyi vəhdət idealına – Allaha qovuşmağı şərtləndirir.
Bütün aşiqlər mübtəla olduqları eşqin təzadlarını yaşadıqlarını xatırladırlar. Nəsimi məhəbbətin çətinliyi haqqında oxucusunu açıq xəbərdar edirdi:
“Məhəbbət möhkəm işdir, qafil olma,
Bu karı sanma kim, hər karə bənzər…”
“Əgər nuş (bal) istər isən nişə (arının iynəsinə) qatlaş
Ki, nuşu nişəsiz verməz bu zənbur (bal arısı).”
Aşıq Ələsgər isə şeirinin davamında eşq haqqında xüsusən belə yazırdı:
“…Həm dərindi, həm dayazdı,
Həm acıdı, həm şirin;
Zəhmətdə zəhri həlahil,
Ləzzətdə baldı yüküm.”
Aşıq Ələsgərin şeirlərində sufiliyə açıq meylini dövrün rəsmi ruhaniliyi xoşlamırdı. Onun qəlbinə, şərəfli sənətkar nüfuzuna toxunan bədxah sözlər deməkdən çəkinmirdilər. O, bu cür haqsız rəftardan inciyir, bəzən şeirdə bundan şikayətlənirdi:
“Ələsgər, üsyanın çıxıbdı sandan,
Öldürsən zənburu, əl çəkməz şandan.
Hərcayıdan, müxənnəsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş.”
Maneələrə baxmayaraq, sufilik meylinə – ilahi eşqinə sədaqətindən dönmürdü:
“…Ölməyincə bu sevdadan
Çətin dönəm usanam.
Həqiqətdən dərs almışam,
Təriqətdən söz qanam;
Şahi-mərdan sayəsində
Elm içində ümmanam,
Dəryaların qaydasıdır
Ümmana baş endirir.”
“Elm içində ümmanam”-Allah eşqi “elmini” ifadə edir. Bu elmə qovuşan, Allahın – dünya ruhunun – ümmanın bir qətrəsini öz ruhunda daşıyır. Deməli, eyni zamanda ümmanı daşıyır – qətrədə ümman yaşayır. Bu fikirlə bağlı Yunus Əmrənin bir kəlamını gətirək:
“Bənəm ol eşq bəhrisi, dənizlər heyran bana,
Dəryalar bənim qətrəmdir, zərrələr ümman bana.”
Nəsimi isə anılan mənanı bu cür ifadə edirdi:
“Könlüm gəmisin qərq edə gör eşq dənizinə
Kim bu dənizin bəhrini ümman bilir ancaq.”
Aşıq Ələsgərin sufi görüşlərindən söhbətimizi bir qədər sonra davam etdirəcəyik. İndi isə bu cəhətdən ona imkan yaratmış, öz dövrünün məlumatlı ziyalısı Mirzə Bəylərdən (1827-1919) danışaq. O, Göyçənin Zod kəndindən olub, Aşıq Ələsgərlə səmimi dostluq edib; sənətini sevib. Onlar bir-birinə şeir həsr edib, bir-birini vəsf ediblər. Mirzə Bəylər şeirinin bir yerində onun haqqında yazır:
“Bu Azərbaycanda türk arasında
Sənin kimi şair hanı Ələsgər?!”
Onu məşhur fars şairi Hafiz Şiraziyə bərabər sayır.
Aşıq Ələsgərsə Mirzə Bəylərin geniş şöhrətindən, səxavətindən ilhamla söhbət açırdı. Bununla birlikdə onun zəngin savad sahibi olduğunu xüsusi tərif edirdi:
“…Neçə padişahlar orda olub cəm,
İki dərviş yahu deyir dəmadəm,
Səddə İsgəndərdi, səxadə Hatəm,
Var evində xan busatı Bəylərin.
Coş edən dərya tək moc verir təbi,
Məddahi mövladı, budu səbəbi,
Firəng, rusi, farsi, türki, ərəbi-
Beş dil ilə var savadı Bəylərin…”
Bizi bu şeirdə iki ifadə daha çox maraqlandırdı:
“İki dərviş yahu deyir dəmadəm…”
“Məddahi mövladı budu səbəbi.”
Dərvişlər orta əsrlərdən davam edən ənənəyə görə sufiliyi təbliğ etməklə məşğul idilər. Mirzə Bəylərin onlara ehtiram etməsi onun “məddahi mövla” olmasından (yəni Allah eşqindən) irəli gəlirdi. Dərvişlərdən sufilik xüsusunda öyrəndiyi biliklərdən, görünür, aşıq Ələsgəri agah edirdi. Yaxud aşığın özü Türkiyədən gəlmiş bu dərvişləri dinləyirdi. Buna görə onun sufiliyində Yunus Əmrəyə, Nəsimiyə yaxın cəhətlər açıq əksini tapırdı.
Yunus Əmrə dərvişlərə “batini elm” əhli kimi pərəstiş etdiklərini yazırdı:
“Eşidin, ey yarənlər, evə dərvişlər gəldi,
Can şükranə verəlim, evə dərvişlər gəldi,
Hər kim gördü yüzini, endirir kəndözünü,
Elmi batindən ötər, evə dərvişlər gəldi…”
Aşıq Ələsgər sufi inamını eyni zamanda aşıqlıq mədəniyyəti haqqında tövsiyələrinə tətbiq edirdi. Onun bu tövsiyələri məşhurdur; aşıqlar onu əzbərdən deyirlər. Ancaq onu sadəcə əzbərləmək üçün deyil, aşıqların fəaliyyət qaydaları baxımından sistemli canlandırıb. Aşıq Ələsgər əslində burda sufiliklə dünyəviliyi daxilən birləşdirmişdi. Buna görə bu ibrətli əxlaqi təlimin mənalarına dərindən varmaq lazımdır:
“Aşıq olub tərki-vətən olanın
Əzəl başdan pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.”
“Mərifət elmi” əslində sufiliyin icad etdiyi, onun məqsədini şərtləndirən termindir. Bilik, idrak mənasını daşıyan “mərifət” kəlməsinə “elm” sözünü artırmaqla yaradılıb. Bu isə əsas niyyətinə görə özünüdərketmək haqqında elmdir. Sufilik təbiətən, insanın öz batini mahiyyətini dərk etməsi üzərində qurulan vahid sistemdir. Yunus Əmrənin bu yöndə nəsihətamiz bir şeiri ilə fikrimizi tamamlayaq:
“Elm-elm bilməgdür, elm kəndin bilməgdür,
Sən kəndini bilməzsin, ya necə oqumaqdır?!
Oqumaqdan məni (məna) nə, kişi Həqqi bilməgdür,
Çün oqıdun bilməzsin, ha bir quru əməkdir.”
Tövsiyələrin ikinci bəndi əvvəlcə həqiqəti təbliğ etmək nəsihəti ilə başlayır. Sufilik Allahı – ali həqiqət olaraq dərk etməyə əsaslanır. Ruhun öz mahiyyətini dərk etməsi bu məqsədə yönəlib.
Ancaq nəfs, tamah – insan varlığını mənən saxtalaşdıran bu şeytan, batini idraka əksdir. Bədənin tələblərinə uyan bu şər başlanğıca qarşı mübarizə etmək – sufinin müqəddəs vəzifəsidir. Təmiz hisslərinə hakim olmaq onu el gözündə ucaldır:
“Xalqı həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura
Dalısınca xoş sədalı gərəkdi.”
Burda Qurandan bir iqtibas edək: “Nəfsin insana nə vəsvəsələr verdiyini də bilirik. Çünki biz ona şah damarından daha yaxınıq.” İnsanı nəfsdən, tamahdan, ötəri dünya malına güvənməkdən çəkindirmək – Qurana xas olan keyfiyyətdir. “Dünya həyatı isə aldadıcı mənfəətdən başqa bir şey deyil.” (Nisa (qadın) surəsi).
Yunus Əmrənin bu xüsusda bəzi şeirlərinə müraciət edək:
“Nəfs düşmənin öldürəsin, nəfs həmişə ölmək gərək,
Var qənaət darində nəfsi boğazından as.”
“Düşmən bənim nəfsimdürür, təmə (tamah) ilə hissimdürür,
Təmə ilə hissə uyan könüllərdə yer eyləməz.”
Tövsiyələrin üçüncü bəndini – aşiqin “şeiri – müəmması ay nədən oldu?” sualının cavabında incələdik. Qısa ca-vablandırmışdıq: Sufi əslində mənanı rəmzlərlə ifadə etdiyi üçün, sözü müəmmalı olur. Həmin bəndi indi öz növbəsində gətirib, açıqlamağı bir qədər genişləndirək.
“Danışanda sözün qiymətin bilə,
Kəlməsindən ləlü-gövhər süzülə,
Məcazı danışa, məcazı gülə,
Tamam sözü müəmmalı gərəkdi.”
Yəni aşıq söz əhli olmalıdır; hikmətli söhbəti ilə dinləyicini düşündürməlidir. Sözün müəmmalı (düşündürücü) olması üçün rəmzlərdən, məcazlardan ustadanə istifadə etməlidir. Aşıq Ələsgər əslində bu mənada sufilikdə batini ruhu təcəssüm etdirən sözdən danışır.
Dördüncü bənddə əvvəlcə yenə aşığın söz hissinin həssas olmasını vurğulayır. Eyhamları duymaq, ondan nəticə çıxarmaq qabiliyyətini zəruri sayır. Onun utancaq, ədəbli təbiətə, davranışa malik olmasını üstün keyfiyyət olaraq tövsiyə edir. Onda səmimi, daxilən haqsevər meylin vacibliyini qeyd edirdi. Haqsevərlik meyli aşığın könül dünyasını, fəaliyyət tərzini doğru yola istiqamətləndirir:
“Arif ola, eyham ilə söz qana,
Naməhrəmdən şərm eyləyə, utana,
Saat kimi meyli haqqa dolana,
Doğru yolu, doğru qəlbi gərəkdi.”
Beşinci (sonuncu) bəndin məzmununda iki əsas cəhəti aydınlaşdıraq. Haqq aşiqi kimi sufi ilahi gerçəyi isbata yetirməlidir. Yəni Allah qarşısında daşıdığı müqəddəs vəzifəni təcrübədə gerçəkləşdirməlidir: – Dünyaya qəlbin gözüylə baxıb, hər yanda vəhdətin təcəssüm etdiyini görməlidir.
“Ələsgər, haqq sözün isbatın verə,
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə baxanda görə
Təriqətdə bu sevdalı gərəkdi.”
Aşıq Ələsgər açıqlanan həmin tövsiyələri əslində özünün nümunəsinə uyarlı düşünüb. Aşığın ruhi keyfiyyətlərinin könül saflığı ilə birliyini nəsihətində diqqətə çarpdırıb. Ədəblilik, əfəndilik ona ehtiram oyadır, eldə mötəbər edirdi:
“Yaxşı hörmətinən, təmiz adınan
Mən dolandım bu Qafqazın elini.
Pirə-ata dedim, cavana – qardaş,
Ana-bacı bildim qızı, gəlini.”
Aşıq Ələsgər həqiqətən insan sərrafı idi; insanın zahiri görkəminə görə ruhu durumunu təyin edirdi. Belə bir istedad isə dərin intuisiyaya malik olmaq demək idi. Zahirən olduqca sadə görünən bu şeirə fikir verək:
“Hansı dağın maralısan,
Hayıf bizdən aralısan,
Sən də yardan yaralısan,
Duruşundan qanıram mən.”
Rəssamlar portret çəkəndə duruşu canlı əks etdirməyə çalışırlar. Hegel “Ruh fəlsəfəsi”ndə bunun mənasını bu cür anladır: “İnsanın mənəvi cəhəti xüsusən duruşda özünü göstərir. Bu sonuncu, – yeri gəlmişkən deyək, qədim rəssamların diqqətini yaratdıqları surətlərdə xüsusilə cəlb edirdi, çünki onlar ruhu onun cismani ifadəsində əyani seyrin obyekti edirdilər.”
Aşıq Ələsgər insanın zahiri görünüşündən batini ruhunu duymağı xüsusi bir elm sayırdı:
“Ələsgərəm, hər elmdən halıyam,
Gözəl, sən dərdlisən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım yanıma düşdü.”
Həqiqətən, Şərq (eyni zamanda Qərb) tarixində belə elm mövcud olub. Nizaminin “İsgəndərnamə”sində Nuşabənin İsgəndəri qarşıladığı səhnədə bu xüsusda söylədiyi ibrətli söhbətini xatırlayaq. İsgəndər özünü hökmdar kimi deyil, onun elçisi kimi təqdim edir; beləliklə Nuşabəni çaşdırmağa çalışır. Nuşabə ölkələrə göndərdiyi “fərasətli” rəssamların ipək parçalarda rəsm etdikləri hökmdarlardan İskəndərin surətini göstərməyi buyurur. Sonra hekayət edir: görmədiyi hökmdarların rəsmlərinə “fərasətlə” baxıb xarakterlərini “görür”. Bunların sırasında İsgəndərə ədalətli xarakterinə görə üstünlük verdiyini bəyan edir. Buradan göründüyü kimi, Nizami batini ruhu duymaq qabiliyyətini “fərasət” – yəni intuisiya adlandırır.
Füzulinin bu mənada eynilə ibrətli bir fikrini səsləndirək:
“Can görünməz desələr təndə inanmam, nişə kim,
Lütfdən hər necə baxsan təninə can görünür.”
Yəni insana xeyirxah daxili gözlə baxanda, təninə yayılmış canı görərsən.
Füzulinin həmin fikri ilə Hegelin eyni mahiyyətli müddəasını yanaşı göstərək: “İnsanın gözlərində, üzündə, əzələlərində, dərisində, insanın bütün görünüşündə ruh, qəlb işıqlanır və burda məna bilavasitə gerçəklikdə olduğundan tamamilə bambaşqadır.”
Göründüyü kimi, biz bu əsərdə “Aşıq Ələsgər irsində sufilik” mövzusunu ətraflı araşdırdıq. Onun bu yöndə mənəvi axtarışlarının xarakterini, müxtəlif qaynaqlarını gerçəkdən, dərin maraqla izlədik. Sufilik sistemində işlədilən terminləri, rəmzləri bir təsəvvüf əhli kimi tətbiq etdiyini gördük. Bu cəhətdən onun görüşlərini əslində sufiliyin axarında oxucuya təqdim etdik. Nəticə etibarilə onun dünyagörüşü xüsusunda təsəvvürləri əsaslı surətdə yeniləşdirən, genişləndirən sistemli tədqiqat əsəri yazdıq. Biz bu tədqiqatla Aşıq Ələsgərin ölməz ruhu qarşısında müqəddəs borcumuzu böyük istəklə yerinə yetirdik. Bu isə bizə həqiqətən batini zövq, məmnunluq bağışladı.
Aşıq Ələsgərin hikmətli şeir sənəti hər zaman öyrənilməyə, geniş təbliğ edilməyə layiqdir. Folklorçu alimlər, ustad aşıqlar onu (nəinki onu!) yeni nəsillərə həvəslə tanıtmağa borcludurlar. Aşıq Ələsgər xalqın yaddaşında yaşayacağına haqlı olaraq dərin inam bəsləyirdi:
“Ələsgər dönmədi öz ilqarınnan,
Biri xilaf deyil, yüz ilqarınnan,
Sazınnan, sözünnən, düz ilqarınnan
Ellərdə söhbəti qaldı ki, qaldı.”
Sonda məlum nisgilli bir nöqtəyə toxunmağa ehtiyac var: Aşıq Ələsgərin, aşıq Şəmşirin qəbirləri bu gün əsirlikdədir. Bu dahilərin narahat ruhları Göyçənin, Kəlbəcərin göylərində dolaşır; bizi onları tezliklə əsirlikdən qurtarmağa çağırır.
Təqdim etdi:
Zəlimxan Məmmədli
BİAM-ın sədri

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button