
Artıq 11 partiya qeydiyyatdan keçib
Sentyabrın 7-də Ədliyyə Nazirliyi Böyük Azərbaycan Partiyası (Elşad Quliyev) və Xalq Partiyasını (Pənah Hüseyn) yenidən dövlət qeydiyyatına alıb.
Bundan öncə iqtidarda olan Yeni Azərbaycan Partiyası (İlham Əliyev) və daha səkkiz partiya qeydiyyata alınmışdı. Onlar Ağ Partiya (Tural Abbaslı), Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı), Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev), Milli Cəbhə Partiyası (Razi Nurullayev), Ana Vətən Partiyası (Fəzail Ağamalı), Haqq Ədalət Partiyası (Əli İnsanov), Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə) və Ümid Partiyası (İqbal Ağazadə) idi.
Beləliklə, Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 11-ni dövlət qeydiyyatına alıb. Onlardan YAP-dan başqa 26-sının sənədləri imzalarda yanlışlıqlar səbəb göstərilərək geri qaytarılmışdı. Həmin partiyalar sənədlərini ikinci dəfə Ədliyyə Nazirliyinə göndəriblər. Onlardan da artıq 10-u qeydiyyatdan keçib. İndi daha 16-sı Ədliyyə Nazirliyindən müsbət cavab gözləyir.
Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə altı partiya iqtidarda olan YAP-a birləşdiyini bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.
“Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan imza sayının 1 mindən 5 minə qaldırılması ilə izah edildi.
Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun ötən il qəbul edilib və bu ilin əvvəlində qüvvəyə minib. Yeni qanunun qəbulu ilə də partiyaların yenidən qeydiyyat məsələsi gündəliyə çıxıb. Yeni qanunda qeydiyyat üçün üzv sayı 1 mindən 5 minə qaldırılıb. Üstəlik, yeni qanunda partiya üzvlərinin reyestrinin aparılması da öz əksini tapıb.
Avropa Şurasının Venesiya Komissiyası qanunvericiliyə edilən bu dəyişikliklərə tənqidi rəy verib.



