
“Anadan alçaq doğulmalısan”
Kəramət Böyükçöl
peyktv.az saytının baş redaktoru
Hərdən güzgüdə özümü seyr eləyirəm, içimi görürəm… Baxıram ki, boynu bükük, arıq, saçları uzun 23 yaşlı bir ömür uzaqdan mənə əl eləyir və soruşur ki, məni niyə aldatdın? Bacarmayacaqdınsa niyə yekə-yekə danışırdın? Əvvəldən niyə söz verirdin? Axı demişdin ki, o təmiz ruhu, təmiz əxlaqı və mənəviyyatı 70, 80 yaşına hədiyyə kimi saxlayacaqsan. Nədi-nədi qocalanda əyilməmiş belinlə ayağa qalxıb deyəsən ki, həyat, gör sənə nə gətirmişəm; alçalmamış, satılmamış, əzilməmiş, boyun əyməmiş bir ömür! Axı demişdin ki, mənim 80 yaşım olanda və 5-6 dostu başıma yığıb yubileyimi qeyd eləyəndə istəmirəm adamlar bir-birinin qulağına pıçıldasın ki, ə, əclafın biridir, bir onun murdar sifətinə baxın! O qədər yalan danışıb ki, dediyi sözlər özünün də yadından çıxır, dünən danışdığını bu gün ayrı cür düzüb-qoşur…
Bax, hər gün o 23 yaşlı ömür yaxamdan əl çəkmir, elə hey deyir: Bəs nə oldu, 30 yaşın var, indidən mostun əyilib!
Yadıma gəlir, 23 yaşımı dostlarla qeyd eləyib gecə evə gəldim, yenə də güzgüdə özümü seyr eləyə-eləyə qəfil içimi çəkib dedim: uy daaa, ə, sənin hələ nə qədər ömrün qalıb, necə yaşayacaqsan? Özü də az-maz istedadın da var. Təbii, arzuların da olmamış deyil. Çoban olsaydın, kartof, soğan əksəydin, ömür asan keçərdi, öz fiziki zəhmətinlə illəri birtəhər yola verərdin, bəs bir yaradıcı adam kimi, bəs bir mənəviyyat adamı kimi bu mühitdə, bu cəmiyyətdə, bu insanların arasında özünü hara kimi aparıb çıxara biləcəksən? Bacaracaqsanmı? Əlbəttə, söhbət hırıldaya-hırıldaya yaşamaqdan getmir.
Onda bir anın içində belimi dikəldib 23 yaşlı ömrə cavab vermişdim: bacaracam! İndi isə 30 yaşım var və içimdəki həmin o ömür soruşur ki, bacarmayacaqdınsa niyə yekə-yekə danışırdın? Məni niyə aldadırdın?
Mən indi o boynu bükük, saçları uzun, arıq ömürə nə deyim? Necə deyim ki, sənə söz verdiyim günün səhəri pul axtarmağa getdim, uzun illərdən sonra qarşıma ayı 150 manatlıq bir iş çıxdı. Söz verdilər ki, maaşın yavaş-yavaş artacaq. O ümidlə, o arzu ilə iki uşaq atası oldum. İçmədim, çəkmədim, işə də piyada getdim. Paltarı da elə geyinirdim ki, köhnəlmirdi. Həyatda nə qədər arzularım vardısa, hamısını maaşımın artacağı günə saxladım. Və bir gün xəbər gəldi ki, 150 manat 160 olub. O 160 manatın üstündə bir çay qaşığı ümid olanda adam necə həvəslə işləyir, bilirsinizmi? Guya hər şey gələcəkdə yaxşı olacaq!
Bax, mən öz ömrümü 150 manatlıq işlə yaşamağa başlamışam, yanında da bir çay qaşığı ümid veriblər. Hər gün ümid yeyə-yeyə işə gedib, hər gün ümid yeyə-yeyə işdən gəlmişəm. Dəfələrlə əsəblərim tarıma çəkilib, bezmişəm, ömrümün dalına bir təpik vurmaq istəyəndə isə mənə nə məsləhət versələr yaxşıdır? Balalarını gözünün qabağına qoy! Onlara görə yaşa!
Qardaş, adama deyərlər, guya mən yaşayıb balalarım üçün neyləyə bilirəm ki? Onlara nə verə bilirəm ki? Ümumiyyətlə, balalarım üçün mənim yaşamağımla yaşamamağımın nə fərqi var? Mən yaşasam da, onlar sevdiyi oyuncaqlara uzaqdan həsrətlə baxacaq, ölsəm də! Mən yaşasam da, balalarımı yaxşı həkim yanına apara bilməyəcəm, ölsəm də! Mən yaşasam da, balalarım ehtiyac içində böyüyəcək, ölsəm də! Bəs mən onların həyatında nə üçün varam? Balalarım üçün mənim mövcudluğum nədən ibarətdir? Özü də bilə-bilə ki, mən övlad böyütmürəm, gələcəyin şəhidini böyüdürəm.
Bəs çıxış yolu nədir? – güzgüyə baxıb özümə sual verirəm. İçim kirlənsinmi? Bəs 80 yaşıma nə hədiyyə eləyəcəm? Sürtülmüş sifətdən, alçalmış ürəkdən, korlanmış əxlaqdan hədiyyəmi olar? İlahi, mən o 23 yaşlı ömürə nə cavab verəcəm, nə deyəcəm? Yol yoxdur. Və siz elə bilirsiniz ki, hər sifət sürtüləndə, hər ürək alçalanda, hər əxlaq korlananda uğur qazanır? Xeyr! Anadan sürtük doğulmalısan, həyata alçaq gəlməlisən!



